Qrip olmaq körpə uşağı olan analar üçün bir kabusdur! Çünki bir ananın məsuliyyətində olan iki can var, üstəlik süd verdikləri üçün əlavə dərmanlar da qəbul edə bilmirlər. Bəs, qrip ola-ola uşaq əmizdirilə bilər? Ana xəstə olduqda körpəyə süd verərsə südlə xəstəlik uşağa da keçərmi?
Analar qrip olduqda uşaqlardan uzaq olmağı üstün tuturlar və hətta bir çox ana xəstəykən uşağa süd vermənin təhlükəli olduğunu düşünür. Bəzən analar bu cür xəstəlik tutduqlarında süd verməyi durdururlar. Bununla da uşaqları xəstəlik ehtimalından qoruduqlarını düşünürlər. Mütəxəssislər bu mövzuda anaların uşaqları süddən kəsməyinin yalnış olduğunu qeyd edir. Ananın heç bir səbəblə uşağı süddən kəsməməsi lazım olduğunu deyən mütəxəssislər, ana südünün uşağa təbii bir immunitet qazandırdığını önə sürür. Ana südünün içindəki antikorlar körpə üçün qoruyucu özəllik daşıyır.
Qrip olan ana əvvəlcə gigiyenik qaydalara əməl etməlidir. Müntəzəm olaraq əllərini antibakteriyal sabun ilə yumalı və xüsusən də xəstə zamanlarında iki qat daha təmizliyə önəm verməlidir. Nəfəsinin körpəyə birbaşa çatmasını əngəlləməli, körpəyə süd verərkən başını başqa istiqamətə çevirib təmasdan qaçmalıdır. Bu hallarda evi də tez-tez havalandırmaq lazımdır. Bakteriya və mikroblar hava yoluyla körpəyə keçə bilər. Xüsusən də körpəyə süd verən analar uşağın yanına çox adam gəldiyi otaqları daima havalandırmalıdırlar. Analar geyimlərinin və döş ucunun təmiz olmasına xüsusi diqqət göstərməlidirlər. Maska istifadə etmək mütləqdir! Hər 20 dəqiqədə bir maskanı dəyişdirmək lazımdır və maskaya toxunduğu zaman əllərini yumalıdır. Qidalanmada bolca su içməli və sağlıqlı bəslənməli, xüsusən də qış aylarında C vitamını baxımından zəngin qidalar yeyilməlidir. Həftədə 2 dəfə Omega-3 yağ asidlərinə sahib balıq yemək də qriplə mübarizədə olduqca təsirlidir.