Öz eleqant stili ilə moda dünyasına fərqli nəfəs verən dizaynerlərdən biri kimi qəbul edilən Tom Ford öz adını daşıyan markasının payız-qış kolleksiyasını öncədən təqdim etdi.
Köhnə kovboy filmlərindən izlədiyimiz, qəsəbədə yaşayan cazibədar qadınları xatırlayacağımız təqdimatda podium başdan-başa bəyaz qızılgül ləçəkləri ilə örtülmüşdü.
Cins parçalar, məxmərlər, kürklər geyimlərdə önə çıxdı. Modelyer məxməri cinslə birləşdirərək zəriflik və sport stilini bir arada təqdim etdi. Saçaqlı geyimlər uzun çəkmələrlə tamamlanaraq “country” tərzini də özü ilə birgə gətirdi. Modelyer kürk detalları ilə zəriflikdən də əl çəkmirdi. Macrame ətəklər kolleksiyanın fərqli hissələrindən biri idi.
Dalğa motivləri düz və dar kəsimdə olan geyimlərə hərəkətlilik qatırdı. Həmçinin, böyük aksesuarlara da yer verilən kolleksiyada daş görünüşlü boyunbağılar, uzun sırğalar xüsusilə vurğulanırdı.
Uzun çəkmələr az qala hər geyimdə istifadə edilirdi. Macrame çantalar, kürk və saçaqlı əl çantaları da seçilmiş çanta modelləri arsında idi.
Xüsusilə atlas və məxmərdən ibarət olan gecə geyimləri təqdimatın son hissəsində izləyiciləri təsiri altına aldı. Bu parçalar dar kəsim modellərlə birləşdikdə qadınların zərifliyinə zəriflik qatırdı. Qırmızı xalı geyimlərinə yenilik gətirən Tom Ford bu kolleksiyasında da eleqant və zərif qadınından əl çəkmədi.