Nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və (və ya) nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir.
Hazırda dünyada nikah müqaviləsi bağlanılması ənənəsi olduqca artıb, çünki nikaha daxil olan tərəflər müqaviləni bir növ zəmanət kimi görür. Doğrudur, bəzi yanaşmalara görə nikaha daxil olarkən müqavilə bağlamaq qarşı tərəfə güvənsizlik göstəricisidir, lakin hüquqi baxımdan olduqca aktualdır.
Nikah müqaviləsi ər-arvadın mövcud olan və gələcəkdə əldə edəcəkləri əmlaka dair bağlana bilər. Müqavilədə ər-arvaddan birini çox əlverişsiz vəziyyətə salan və ailə qanunvericiliyinin əsaslarına zidd olan müddəalar nəzərdə tutula bilməz.
Nikah müqaviləsi nikahın bağlanmasının dövlət qeydiyyatına qədər, eləcə də nikah dövründə istənilən vaxtda bağlana bilər. Nikahın bağlanmasının dövlət qeydiyyatına qədər bağlanmış nikah müqaviləsi, nikahın bağlanmasının dövlət qeydiyyatına alındığı gündən qüvvəyə minir.
Nikah müqaviləsi yazılı formada bağlanır və notariat qaydasında təsdiq olunur.
Nikah müqaviləsi ər-arvadın razılığı ilə istənilən vaxt dəyişdirilə və ya pozula bilər. Müqavilənin icrasından birtərəfli qaydada imtina etməyə yol verilmir.
Nikah müqaviləsində nikah pozulduqdan sonrakı dövr üçün nəzərdə tutulan vəzifələr istisna olmaqla, nikaha xitam verilməsi anından nikah müqaviləsinə də xitam verilir.
Hüquqşünas Sevda Aydın