“Övladlığa götürmə barədə bilməli olduqlarımız

Övladlığa götürmə barədə bilməli olduqlarımız

Övladlığa götürmə dedikdə, övladlığa götürən şəxslə övladlığa götürülən uşaq arasında doğma (qan) valideynlərlə doğma (qan) uşaqlar arasında mövcud hüquq münasibətləri ilə eyni olan hüquq münasibətlərinin (əmlak və şəxsi-qeyri əmlak) yaranması başa düşülür.

Övladlığa yalnız yetkinlik yaşına çatmayan uşaqlar (-18) götürülə bilər. Uşağın mənafeyini tam təmin etmək üçün ailə qanunvericiliyi övladlığa götürmə barəsində müəyyən şərtlər nəzərdə tutur. Əsas şərt ondan ibarətdir ki, övladlığa götürmə - uşağı övladlığa götürmək istəyən şəxsin (şəxslərin) verdiyi ərizə əsasında məhkəmə tərəfindən həyata keçirilir.

Bir uşaq iki müxtəlif şəxs tərəfindən (ər-arvad istisna olmaqla) övladlığa götürülə bilməz. Ər (arvad) özünün nikahdan olmayan uşağını və ya arvadının (ərinin) uşağını övladlığa götürə bilər.

Hər hansı şərtlər altında, hər hansı müddətə və ya nümayəndələr vasitəsilə övladlığa götürmək yolverilməzdir. Yəni övladlığa götürmə zamanı heç bir şərt qoyulmamalı, daimi olmalı və şəxsən iştirak edilməlidir.

Hər iki cinsdən olan yetkinlik yaşına çatmış şəxslər övladlığa götürən ola bilərlər. Lakin bəzi şəxslər övladlığa uşaq götürə bilməzlər, bunlar:
1. məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslər;
2. məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edilmiş və ya valideynlik hüquqları məhdudlaşdırılmış şəxslər;
3. qanunla üzərinə qoyulan vəzifəni yerinə yetirmədiyinə görə qəyyum və ya himayəçi vəzifələrindən kənarlaşdırılmış şəxslər;
4. əvvəllər məhkəmə tərəfindən təqsirkar bilinərək bu hüququ ləğv edilmiş şəxslər;
5. səhhətinə görə valideyn vəzifələrini həyata keçirə bilməyən şəxslər.

Aralarında nikah olmayan şəxslər birlikdə eyni uşağı övladlığa götürə bilməzlər. Lakin uşağı həm ər-arvad, həm də nikahda olmayan şəxs övladlığa götürə bilər.

Övladlığa götürən şəxs nikahda deyilsə, onunla övladlığa götürülən uşağın arasında ən az 16 yaş fərq olmalıdır. Məhkəmə tərəfindən üzürlü hesab edilən səbəb olduqda, yaş fərqi qısaldıla bilər. Ögey ata (ögey ana) uşağı övladlığa götürəndə nəzərdə tutulmuş yaş fərqinin olması tələb edilmir.

Elə hallar da vardır ki, bu hallar övladlığa götürmənin ləğv olunmasına səbəb olur:
1. Valideynlik hüquqlarından sui-istifadə etdikdə;
2. Uşağa pis münasibət göstərdikdə;
3. Xroniki alkoqol və narkoman olduqda.

Övladlığa götürmə məhkəmə qaydasında ləğv edilir.

Hüquqşünas Sevda Aydın


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!