Uşaq hüquqlarının qorunması, uşaqların mənafeyinin müdafiə edilməsi sahəsində bir çox beynəlxalq və dövlət qurumları təsis edilmiş, yerli və beynəlxalq səviyyədə qanunvericilik aktları qəbul olunmuşdur.
Dövlət hər bir vətəndaşına olduğu kimi, hətta daha çox, uşaqlara qayğı göstərir. Uşaq hüquqlarının təmin olunması, qorunması və müdafiə edilməsi hər şeydən əvvəl dövlətin yerinə yetirməli olduğu vəzifəsidir.
Bu vəzifənin yerinə yetirilməsi, uşaqların mənafeyinin qorunması, uşaqların sağlam mühitdə böyüməsi, şəxsiyyət kimi düzgün yetişdirilməsi, sağlam psixologiyaya sahib olması, cəmiyyətdə faydalı fərd olaraq formalaşmasa bilməsi üçün bir çox tədbirlər həyata keçirilir.
Bunlardan biri də ailə daxili məsələlərin tənzimlənməsi, valideyn – uşaq münasibətlərinin yaxşılaşdırılması və valideynlik hüququ sahəsindəki problemlərdir.
Valideynlik hüququndan məhrumetmə ailə hüququna aid məsələlərdən biridir və bu məsələ məhkəmə qaydasında həll edilir.
Qeyd edək ki, valideynlik hüquqlarından məhrum edilmiş şəxslər uşaqların saxlanmasını təmin etmək vəzifələrindən azad edilmirlər.
Azərbaycan Respublikasının Ailə Məcəlləsinə görə, valideynlər və ya onlardan biri valideynlik hüquqlarından aşağıdakı hallarda məhrum edilə bilərlər:
1. öz valideynlik vəzifələrini yerinə yetirmədikdə;
2. alimenti qəsdən ödəmədikdə;
3. heç bir üzürlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı müalicə, tərbiyə müəssisəsindən götürməkdən imtina etdikdə;
4. valideynlik hüquqlarından sui-istifadə etdikdə;
5. uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törətdikdə;
6. xroniki alkoqol və narkomaniya xəstəsidirsə;
7. uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törətdikdə.
Hüquqşünas Sevda Aydın