Canlı və diri bir dəriyə sahib olmaq hər qadının arzusudur. Siz də üz yoqası edərək canlı bir dəriyə sahib ola bilərsiniz.
Yaşlanmanın qarşısının alınması təbii ki, mümkün deyil, lakin bu yaşlanma müddətində canlı və diri bir cildə sahib olmaq mümkündür. Üzünüzə barmaqlarınız ilə edəcəyiniz təzyiqlə həm qan dövranını sürətləndirmiş, həm də masaj elədiyiniz hissənin dartılmasına şərait yaratmış olarsınız.
Bu masajı tətbiq etdiyiniz zaman qırışıqların azalma müddəti hər insana görə fərqli olur. Bu, metabolizmin işləmə sürətiylə əlaqəlidir.
Hərəkətlər güzgü qarşısında edilməlidir
Üz yoqası edərkən bunu mütləq güzgü qarşısında etmək lazımdır. Üz yoqasına əvvəlcə alın hissəsindən başlanılır. Bunun səbəbi də sinir sisteminin bu hissədə cəmlənmiş olmasıdır.
Alın: İki əlinizin orta barmağı ilə alnınızın ortasına aşağıdan yuxarıya doğru çox sıxmadan masaj edin. Hərəkətin bir neçə dəfə təkrarlanması kifayətdir.
Göz çevrəsi: Göz ətrafında olan əzələlər zəif quruluşda olduğundan bu hissədəki qırışları aparmaq da bir az çətindir. Hərəkətləri ən az 6 ay müddətində elədiyiniz zaman burdakı qırışları da aparmaq mümkündür. Göz ətrafında qaz ayağı kimi adlandırılan qırışları azaltmaq üçün ən təsirli üsul baş və işarət barmaqları ilə gözləri açaraq başınız dik bir formada qarşıya baxmaqdır. Bu üsulu tətbiq edərkən barmaqlarınız ilə bu hissəyə yüngül təzyiq etməyi də unutmayın.
Qaş: Xüsusilə aşağı enən qaşlar üçün əllərin içi ilə qaşları sıxaraq yuxarı qaldırın. Bu vəziyyətdə bir neçə dəqiqə gözləyin.
Yanaq nahiyəsi: Bu nahiyədəki əzələləri hərəkətə gətirmək üçün şar üfürmək çox təsirli bir üsuldur. Şarı 3-4 dəfə şişirtməklə yanaq əzələlərinizin hərəkət etməsini və daha da güclənməsini təmin etmiş olarsınız.
Dodaqlar: Dodaqların kənarlarında yaranan qırışları aparmaq üçün ağzınızda bir qələmi fırlatmağa çalışın. Bu üsul ilə eyni zamanda çənənizin altındakı qırışları da apara bilərsiniz.
Hərəkətləri simmetrik bir şəkildə etmək lazımdır
Bu hərəkətləri edərkən diqqət etməli olduğunuz ən vacib məqam bunları simmetrik şəkildə etməkdir. Bu formada edilmədiyi halda üzünüzün bir tərəfi sallanacağı halda digər bir tərəfi bərkimiş, dartılmış olur və bu zaman asimmetrik bir görünüş yaranır. Masaj edərkən çox güclü təzyiq etməməyi də yadınızda saxlayın. Bu hərəkətləri gündə 3-4 dəfə etsəniz bir neçə ay sonra dəyişikliyi hiss edəcəksiniz.