Ayaqların sağlam və gözəl görkəmli olması üçün onlara müvafiq qulluq lazımdır. Əlbəttə, ayaqlarda hiss olunan xoşagəlməz hallar anadangəlmə meylliliklə əlaqədar ola bilər. Lakin əksər hallarda o, iş şəraitindən və işin xarakterindən daha çox asılı olur. Ayaqlara qulluq edərkən onun hər gün yuyulmasına xüsusi fikir vermək lazımdır. Bu, dərini təmizləyir, ayaqların tərləməsinin və göbələk xəstəliyinin əmələ gəlməsinin qarşısını alır. Ayaqlara ilıq vanna edərkən "xörək duzu" da əlavə edilə bilər. Bu, qan dövranının yaxşılaşması və ayaqların istirahət etməsinə kömək edir. Ayaqları yağlı sabunlarla yumaq lazımdır. Ayaqlar tərlədikdə isə tərkibində "formalin" olan sabunla yumaq məsləhət görülür. Ayaqlara qulluq etməyin ən yaxşı forması dərman bitkilərindən düzəldilmiş vannalardan istifadə olunmasıdır.
Ot vannaları: Ayaq vannaları təyin olunmuş ümumi qaydada hazırlanır. Qurudularaq toz halına salınmış 100 q. yarpaq, ot, qabıq, kök və kökümsov qarışığını 1 litr isti suya töküb, zəif od üzərində 15 dəqiqə qaynadın. 45 dəqiqə sakit halda saxladıqdan sonra süzgəcdən süzüb, üzərinə 3-4 litr 35-40 dərəcədə isti su əlavə edin, sonra tasa töküb ayaqlarınızı cövhərin içərisinə salın, ən azı 30 dəqidə vanna qəbul olunsun.
Tər əleyhinə vannalar; Süpürgə kolu bitkisinin gövdə, yarpaq və çiçək hissələrini qaynar suya töküb cövhərini hazırlayın və ayaqlarınızı bununla vanna edin. Nar qabığından hazırlanmış cövhərlə ayağı vanna etmək ayaq tərləməsinin qarşısını alır. Ərik dənəsini əzib, suya əlavə edin, sıyıq əmələ gələnə qədər qarışdırın. Sonra sıyıqdan götürüb ayaqların pəncələrinə yaxıb 15-20 dəqiqə saxladıqdan sonra yuyub, təmizləyin. Sonra dəsmalla qurulayın və pambuq corab geyinin.
Məsləhətlər bizdən, əməl etmək sizdən. Ümidvarıq k,i məsləhətlərimiz sizə kömək olacaq.