“Tonal kreminizin rəngi niyə gün ərzində dəyişir?

Tonal kreminizin rəngi niyə gün ərzində dəyişir?

Makiyajdan bir neçə saat sonra tonal kremin oksidləşib narıncı rəngə çevrilməsinin qarşısını almaq üçün məsləhətlərimizi oxuyun.

Rəngini xüsusi diqqətlə seçdiyiniz, dərinizlə bütünləşən sevimli tonal kreminizin bir neçə saat içində üzünüzdə narıncı rəngə çevrildiyini hiss edirsiniz? Narahat olmayın, problem sizin tonal kreminizdə deyil. Sadə bir kimyəvi reaksiya səbəbilə yaranan bu halın qarşısını almaq mümkünsüz deyil.

Tonal kreminizin tərkibində olan rəng piqmentləri havadakı oksigen və ya dərinizin ifraz etdiyi təbii yağlarla kimyəvi reaksiyaya girdikdə oksidlənmə baş verir. Bu da tonal kreminizi çəkdikdən bir neçə saat sonra 1-2 ton tündləşməsinə səbəb olur. Bunun qarşısını almaq üçün aşağıdakı addımları ata bilərsiniz.

Üz bazasından istifadə edin.

Dərinizin ifraz etdiyi təbii yağların tonal kremlə reaksiyaya girməsinin qarşısını almaq üçün tonal krem çəkməzdən qabaq bir üz bazasından istifadə edin. Bu addım tonal krem və dəriniz arasında bir maneə yaradaraq oksidlənmə ehtimalını azaldır. Makiyaj bazasını dərinizin tipinə uyğun şəkildə seçməyinizi məsləhət görürük. Yağlı dəriniz varsa, matlaşdırıcı, quru bir dəriniz varsa, nəmləndirici bir baza ehtiyacınızı ödəyəcək. Silikon bazalı üz bazaları oksidlənmənin qarşısını almaq üçün ən yaxşı seçimdir.

Dərinizdəki artıq yağı götürün.

Makiyaj bazası istifadə etdikdən sonra yağ sorucu kağızlarla dərinizdəki artıq yağı götürün. Bu addımı tonal krem istifadə etdikdən sonra və gün ərzində təkrarlamaq oksidlənmənin qarşısının alınmasında böyük əhəmiyyətə malikdir.

Makiyajınızı sabitləşdirin.

Tonal krem istifadəsindən sonra sabitləmə pudrası ilə üzünüzdə olan artıq yağlardan xilas olun. Lazım görsəniz, gün ərzində bunu bir neçə dəfə təkrarlayın. 


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!