İlk başlarda çox gözəl başlayıb, zaman keçdikcə problemlərin yarandığı münasibət niyə bu hala gəldi?
Heç kim münasibətə başlayarkən onun sonlanacağı düşüncəsi ilə başlamır. Ümidlər, duyğular, xəyallar bir müddət təzə qalır. Lakin bəzi şərtlər, təəssüf ki, münasibəti geri dönüşü olmayan bir yola sürükləyir. Xüsusilə də, tərəflərin istəmədən də olsa etdiyi səhvlər, münasibətin bitməsinə səbəb olur. Bəs bütün bunlar niyə baş verir?
Münasibətlər niyə başladığı yerdən fərqli yerlərə gəlib çıxır?
Bu halın bir çox fərqli səbəbləri olsa da, təməldə insanların özünü yaxşı tanımaması dayanır. Əgər insan özünü yaxşı tanımırsa, özünə uyğun olan insan da seçə bilməz.
Özünü tanımaq, həyatda özünüzə verə biləcəyiniz ən gözəl hədiyyədir.
Bir insanı həyatınıza aldığınız zaman, o insanın sizə fiziki olaraq cazibədar görünməsi münasibət üçün kifayət deyil. Özünüzü yaxşı tanısanız, həyatda etdiyiniz səhvlər də bir o qədər az olacaq. Etdiyiniz səhvlər isə özünüzü tanımağın bir parçası halına gələcək.
İnsanlar cəmiyyətin nizam və güvənə söykənən bir sistemə uyğun olaraq yaşadığı zaman xoşbəxt olacağını düşünür. Lakin xoşbəxtliyi özünüzü tanıdığınız zaman yaşamağa başlayacaqsınız. Bunu unutmayın, yaşınız neçə olsa da, özünüzü tanıma ehtiyacı hiss etdiyiniz anda xoşbəxt olma fürəsti əldə etmisiniz deməkdir. Bu fürsəti yaxşı dəyərləndirin, insanın ömrü özünü tanımaqla keçir.
Hər kəsin üstünlükləri, xoşladığı şeylər dəyişə bilər. Bu mövzuda ən başda özünüzə, sonra isə yaxınlarınıza qarşı anlayışlı olmalısınz.
Evlilikdə hansı xətalar münasibətdə qalıcı zərərlər buraxır?
Qalıcı səhvlər insandan-insana fərqlilik göstərə bilər. Münasibətdə olduğunuz insanın dəyərlərinə, bağlı olduğu şeylərə qarşı həddi aşdığınızda, bunun onu bağışlaması və münasibətin bərpası çətinləşir. Bu xətalar, bir insan üçün aldatmaqdır, başqa biri üçün şiddət, yalan və ya sadəcə pis bir söz belə ola bilər. Belə vəziyyətlərin yaranmaması üçün partnyorunuzu yaxşı tanımağa səy göstərməlisiniz. Onun dəyər verdiyi şeyləri, nələrdən vaz keçə bilməyəcəyini bilməli və onlara hörmətlə yanaşmalısınız. Eyni zamanda onun da sizi tanımasına imkan yaratmalı, eyni şeyləri onun da tətbiq etməsinə kömək etməlisiniz.
Unutmamaq lazım ki, hamımızın dünyaya baxış bucağı, pəncərəsi fərqlidir. Sizin pəncərədən nə gördüyünüzü, həyat yoldaşınız öz pəncərəsindən tamamilə fərqli görə bilər. Bu səbəblə, hər gün pəncərənizdən nə gördüyünüzü ona danışmalısınız ki, o da sizi anlaya bilsin. O da sizə öz pəncərəsindən nə gördüyünü danışsın. Belə olan halda bir-birinizi daha yaxşı başa düşəcəksiniz.
Hər zaman bir-birinizə uyğun olmaq doğru deyil!
Münasibəti sona götürən şeylərdən biri də budur. Qarşı tərəfə uyğunlaşmaq üçün onun istəklərinə, düşüncələrinə uyğun olaraq hərəkət edirsinizsə, bu ilk başda xoş görünə bilər. Hətta bir-birinizə nə qədər uyğun olduğunuzu düşünə bilərsiniz. Lakin zaman keçdikcə həqiqi özünüz və düşüncələrinizi ortaya çıxaranda, aldığınız reaksiya “Sən çox dəyişmisən!” ola bilər. Əslində insan bunu qəsdən etmir, sevdiyimiz insana sevgimizi göstərməyin bir yolu, ona nə qədər uyğun olduğumuzu göstərməkdir. Amma bunu etməyin, etsəniz belə, həqiqətən nəyi xoşladığınzı ona bildirməyi unutmayın.
Yataq münasibətlərinin uyğunluğu münasibəti qurtara bilərmi?
Cütlüklərin terapiyası ilə məşğul olan Julie Gottman deyir: “Cütlüklər arasında kimyəvi uyğunluq olduğu zaman münasibətin bərpa olma şansı yüksəkdir”.
Amma münasibət çox geniş bir anlayışdır. Sadəcə intim uyğunluq üstünlük verilən şeylər arasındadırsa, münasibətin qurtulma şansı artır. Lakin tərəflərdən birinin üstünlük verdiyi şey digərinə qarşı gəlirsə, intim uyğunluq kifayət olmaya bilər. Aralarında kimyəvi uyğunluq olan cütlüklər bir-birinə yaxınlaşdıqları zaman nələr hiss etdiklərini anlaya bilirlər, belə cütlüklərin problemlərini həll edə bilmə şansı da yüksəkdir.
Problemdən asılı olmadan, münasibəti qurtarmaq yolları varmı?
İnsanlar arasında nə problem olursa, olsun, münasibətin hələ də davam etməsinə səbəb olan yeganə təsir varsa, o da sevgidir. Eyni zamanda münasibətlərinin dəyərini anlamaları da böyük bir təsirdir. Bir-birləri üçün dəyərli olduğunu düşünən insanlar, münasibəti qurtarmaqdan, problemlərin həllini tapmaq üçün əmək sərf etməkdən çəkinməzlər. Əmək sərf edən insanların münasibəti qurtarma şansları da yüksək olur.
Bəzən sevgi də yetərli olmur!
İnsanlar qarşısındakı insanın birinci dəyər verdikləri şeyi öyrənməli, sonra evliliyə qərar verməlidirlər. Məsələn, həyat yoldaşınız idmana bağlıdırsa, və bunu həyatının bir parçası halına gətiribsə, ona “idmana ayırdığın vaxtı mənə ayırmağını istəyirəm” desəniz və ya dostlarına bağlıdır və onlarla görüşmək istəyirsə, görüşməyinə icazə verməsəniz, o sizi sevsə belə, münasibəti sonlandırmağa özünü hazır hiss edəcəkdir.
Bəs terapiya münasibətin sonlanmasının qarşısını ala bilərmi?
Əgər hər iki tərəf də münasibəti aparmağa və əmək sərf etmək istəyirsə, terapiya olduqca təsirli olur. Terapiyaya başladığı zaman bir-birini anlamaqda çətinlik çəkən cütlüklər, öz ehtiyaclarını, öncəliklərini qarşı tərəfə izah etməyi öyrənir. Öz ehtiyaclarını, dəyər verdiyi şeyləri yoldaşının xətrinə dəymədən izah edir, eyni zamanda da yoldaşının fikirlərinə qulaq asaraq onlara hörmət göstərməyi öyrənirlər. Bu, həm özlərini, həm də qarşı tərəfi yaxşı tanımağa fürsət yaradır. Dəyərləri üst-üstə düşməyən cütlüklərin çoxu boşanmağa qərar verir.
Həmçinin bax: Münasibətdəki problemləri necə həll etməli?