“Saç tipinizə ən uyğun daraq seçimini necə etməli?

Saç tipinizə ən uyğun daraq seçimini necə etməli?

Düzgün daraq seçimi saçlarınızın sağlamlığı üçün zənn etdiyinizdən daha vacibdir. Yanlış daraq seçimi həm saçınızda qırıqlar və saçqıranların yaranmasına səbəb olacaq, həm də saçlarınızı daramağınız gərəyindən artıq vaxt alacaq. Saç tipinizə uyğun darağı müəyyən etdiyiniz halda saçlarınızın zədələnməsinin qarşısını ala və daranmanı olduqca asanlaşdıra bilərsiniz.

Buruq saçlar üçün daraq seçimi:

Buruq saçları iri dişli və dişlərinin arasındakı aralıqları böyük olan daraqlarla daramaq lazımdır. Əgər saçlarınız buruqdursa, darayarkən saç kremindən istifadə etmək daranmanı asanlaşdıracaq. Nəzərə almaq lazımdır ki, buruq saçları quru olduğu zaman daramaq demək olar ki, qeyri mümkündür. Buna görə də çalışın ki, saçlarınızı nəmli olarkən darayasınız.

Kəpəklənən saçlar üçün daraq seçimi:

Kəpəkli saçlar üçün daraq seçimi edərkən yuvarlaq uclu daraqlar almağa diqqət edin. Çünki iti ucluqlu daraqlar baş dərinizə zərər verəcəyi üçün daha çox kəpəklənmələrə səbəb olacaq.

Elektriklənən saçlar üçün daraq seçimi:

Elektriklənən saçlar bəzən darayarkən olduqca narahatedici ola bilir. Saçı elektriklənən xanımlar bu cansıxıcı vəziyyət ilə yaxşı tanışdır. Ancaq bunun çox asan çıxış yolu var. Elektriklənən saçlar üçün daraq seçimi edərkən seçiminizi taxta daraqlardan yana etmək problemin aradan qalxmasına kömək edəcək.

Cansız saçlar üçün daraq seçimi:

Cansız saçlar üçün sərt dişli (məs: metal) və dişlərinin arasındakı məsafələri böyük olan daraqlardan istifadə edin. Saçlarınızı önə doğru darayaraq həcm qazandırın.

Uzun saçlar üçün daraq seçimi:

Uzun saçlı xanımların daraq seçimi edərkən diqqət etməli olduğu ilk məqam seyrək dişli daraqlara üstünlük verməkdir. Həmçinin plastik daraqlar uzun saçları elektrikləndirdiyi üçün belə daraqlardan istifadə etməməyə çalışın.

Gur və həcmli saçlar üçün daraq seçimi:

Gur saçları daramaq üçün böyük, fırça formasında olan çox dişli daraqlardan istifadə etməkdə fayda var. Fırça formasında olan çox dişli daraqlar saçlarınızı qısa müddətdə daramaq üçün idealdır.

QEYD: Daraqlarınızı ayda ən az bir dəfə saç şampununuzla yuyaraq təmizləməyi də unutmayın.

Müəllif: Həcər İsmayılova


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar