“Saç tökülməsinin təbii yollarla qarşısının alınması

Saç tökülməsinin təbii yollarla qarşısının alınması

Saç tökülməsinin təbii yollarla qarşısının alınması

Son zamanlar qadınlar və kişilərin ən çox şikayət etdiyi problemlərdən biri də saç tökülməsidir. Bunun da səbəbləri düzgün qidalanmama, vitamin çatışmazlığı və stress ola bilər.

Biz bu yazımızda həm saç tökülməsinə qarşı təbii maskalardan, həm də bunun qarşısını almaq üçün hansı qidaları qəbul etməli olduğunuzdan bəhs etmişik. Siz bunlardan istədiyiniz üsulu davamlı olaraq tətbiq etməklə saç tökülməsinin qarşısını ala bilərsiniz.

 

Zəncəfil maskası

Çay qaşığı böyüklüyündə zəncəfilin qabığını soyub rəndələyin. Suyu ilə birlikdə saçlarınızın dibinə masaj edərək yeridin. Sonra saçınızı streç ilə sarıyın. Bir saat saxladıqdan sonra saç tökülməsinə qarşı olan şampunla yuyun. Bu maskanı həftədə iki dəfə edə bilərsiniz.

 

Zeytun yağı maskası

Bildiyimiz ən qədim saça qulluq vasitələrindən biri həftədə bir dəfə saça zeytun yağı sürtməkdir. Saçları qidalandıran E vitamini ilə zəngin olan zeytun yağı saç tökülməsinin qarşısını almaqla yanaşı, yeni saçların çıxmasına və saçın daha parlaq və güclü olmasına şərait yaradır.

Zeytun yağını saçın diblərinə və uclarına masaj edərək yaxın. Yenə saçınızı streç ilə sarıyın. Bir saatdan sonra şampun ilə yuyub durulayın. Bu maskanı həftədə bir dəfə etmək olar.

 

Kök maskası

B vitamini ilə zəngin olan kök həm saç tökülməsinin qarşısını alır, həm də saçların sürətlə uzanmasına kömək edir.

Bir orta boyda kökü rəndələyib bir stəkan suda qaynadın. Soyuduqdan sonra buna bir yumurta sarısı da əlavə edib yaxşıca qarışdırın. Alınan qarışığı saçın köklərinə və uclarına yaxıb iri dişli daraqla darayın. Sonra yenə saçlarınızı streçlə sarıyın. Saçınızda bir saat saxlayın. Saçınızı əvvəlcə ilıq su ilə yuyun, daha sonra tökülmə əleyhinə olan şampunla yuyub durulayın.

 

Hindistan qozu yağı maskası

Ən yeni və təsirli saç maskalarından biri Hindistan qozu yağıdır. Marketlərdə və ya ədviyyat dükanlarında satılan bu yağ həm saç tökülməsinin qarşısını alır, həm də yeni saçların çıxmasına kömək edir və saçların tez uzanmasını təmin edir.

1 yemək qaşığı yağı əlinizə tökün, əllərinizi bir-birinə sürtərək əridin və saç uclarına və diblərinə masaj edərək yaxın. İri dişli daraqla darayıb streçlə sarıyın. Bir saat gözlədikdən sonra azca ilıq su ilə isladın. Sonra qidalandırıcı şampunla yuyub durulayın. Bu maskanı həftədə 2-3 dəfə edə bilərsiniz.

 

Bu maskalarla yanaşı saç tökülməsinin qarşısını almaq üçün qidalanmanıza da fikir verməlisiniz. Saç tökülməsinin əsas səbəbi bədəndə vitamin, sink, biotin və protein azlığıdır. Bunun üçün maskalardan istifadə etməklə bərabər saç tökülməsinin qarşısını almağa kömək edən qidaları da gündəlik rasionunuza əlavə etməlisiniz.

Bu qidalar aşağıdakılardır:

  • Qoz
  • Fındıq
  • Badam
  • Kök
  • Zəncəfil
  • Sarımsaq
  • Yumurta
  • Yulaf
  • Yaşıl noxud
  • İspanaq
  • Qırmızı ət
  • Toyuğun döş əti
  • Hinduşka əti

Beləliklə, bu qidalardan müntəzəm şəkildə qəbul etməklə və bu maskaları davamlı olaraq tətbiq etməklə sizi narahat edən saç tökülməsi probleminə son qoya bilərsiniz.

 


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar