Hamiləlik ana olmağa hazırlaşan qadınların həyatına bir çox dəyişikliklər gətirir. Həm ananın, həm də uşağın sağlamlığı üçün bu dəyişikliklərə ayaq uydurmaq lazımdır. Biz bu yazımızda heç bir elmi sübutu olmayan, analarımızın və nənələrimizin dediyi səhv məlumatlara inanmayıb sağlam bir hamiləlik keçirtmək üçün bəzi doğru bildiyiniz yanlışları sizə təqdim edirik:
1. Çox yemək yesəm, uşaq daha sağlam olar.
Səhvdir. Hamiləlikdə çox yemək deyil, balanslı şəkildə qidalanmaq lazımdır. Ətrafımızda olan yaşlı nəslin dediyi “sən nə yesən, uşaq da onu yeyir” fikri səhvdir. Hamiləlikdə qidalanma az-az və tez-tez olmalıdır. Artıq çəki aldığınız zaman təzyiq, şəkər və uşağın çəkisinin çox olması ilə əlaqədar doğumun çətinləşməsi kimi problemlərlə üzləşə bilərsiniz.
2. Hamiləlikdə hər cür qida yeyilə bilər.
Hamiləlikdə heç də hər cür qidanı yemək olmaz, bəzi qadağan olunan qidalar da var. Məsələn, qabıqlı dəniz heyvanları, suşi, kolbasa, sosiska və hisə verilmiş ətlər, həmçinin çox duzlu olmağı və tərkibində qatqı maddələri olmağına görə dükanlarda satılan konservləşdirilmiş turşulardan da yeyilməməlidir.
3. Bitki çayları hamiləlikdə təhlükəlidir.
Bu fikir də səhvdir. Hamiləlikdə bitki çayları içilə bilər. Hətta hamiləlik dövründə yaranan qəbizliyi aradan qaldırmaq üçün gündə 1-2 stəkan içilməsi çox faydalı olacaqdır. Sürvə çayının hamiləliyin vaxtından əvvəl sonlanmasına səbəb olduğu düşünülür, lakin bu elmi cəhətdən təsdiq olunmamışdır.
4. Hamiləlikdə tuna balığı yeyilməməlidir.
Bu da doğru bildiyimiz yanlışlardandır. Hamiləlikdə həftədə 2 dəfə tuna balığı yeyilməlidir. Omeqa 3-ün uşağın inkişafına faydalı təsirinə görə hamiləlikdə balıq yeyilməsi daha çox lazımdır. Ancaq, dənizin dərinliklərində yaşayan bəzi balıqlar tərkibində ağır metallar olduğundan istifadə edilməməlidir. Belə balıqların yeyilməsinin uşağın inkişaf etdiyi ilk 3 ayda mərkəzi sinir sisteminə zərərli təsiri var.
5. İdmanla məşğul olmaq olmaz.
Hamiləliyin bütün dövrlərində idmanla məşğul oluna bilər. Sadəcə son həftələrdə bəzi ağır hərəkətlər edilməməlidir. Həmçinin ilk 3 ayda uşağın düşmə təhlükəsi olan, qanaması olan hamilələrin idmanla məşğul olması tövsiyə edilmir. Hamiləlikdə edilə biləcək ən yaxşı idman yerimək və üzməkdir.
6. Avtomobili idarə etmək olmaz.
Hamiləlikdə avtomobil idarə edilməsi heç bir problem yaratmır. Sadəcə 37-ci həftədən sonra uşağın böyüməsi ilə bağlı anada narahatçılıq yarana bilər avtomobil idarə edərkən. Ancaq ehtiyatlı bir şəkildə, təhlükəsizlik kəmərinin düzgün istifadə edilməsi şərti ilə hamiləlikdə avtomobil idarə etmək olar.
7. Uşağın saçının çıxması ilə əlaqədar ananın mədəsində yanma şikayətləri olur.
Bu da səhv fikirdir. Hamiləliyin ikinci trimestrində uşağın çəkisinin artması ilə əlaqədar olaraq mədədə yanma və ya qıcqırma kimi hallar baş verir, yəni bunun uşağın saçının çıxması ilə heç bir əlaqəsi yoxdur. Bu problemi aradan qaldırmaq üçün çox acılı və turş qidalar yeməyin, yeməyi yatmamışdan 3 saat əvvəl yeyin və yatarkən başınızın altını uca eləyin.
8. Hamiləlikdə saç boyatmaq və makiyaj etmək olmaz.
Bunları etməyin uşağın inkişafına hər hansı bir zərəri olması tibbi olaraq təsdiq olunmamışdır. Əksinə, özlərini yaxşı hiss etmələri və depressiyaya düşməmələri baxımından hamilə xanımların fərdi baxımlarına diqqət etmələri faydalıdır. Beləliklə, hamilələr saçlarını fenləyə bilər, makiyajlarını edə bilərlər. Həmçinin 4-cü aydan sonra orqanik boyalarla saçlarının rəngini də dəyişə bilərlər.
9. Hamiləlikdə diş sağlamlığına müdaxilə etmək olmaz.
Bu fikir də doğru olduğunu düşündüyümüz səhv fikirlərdəndir. Hamiləliyin 2-ci yarısından sonra dişlə bağlı hər cür müdaxilə edilə bilər.