“Uşağınıza əmziyi tərgitdirməyin üsulları

Uşağınıza əmziyi tərgitdirməyin üsulları

Uşaqların daha rahat yatmaqlarını təmin edən əmziklər bir müddət sonra asılılıq yaradır və böyük yaşdakı uşaqlar belə onu tərgitməkdə çətinlik çəkirlər. Uşağına əmziyi tərgitdirmək istəyən valideynlər çox vaxt qonşudan, ətrafdan eşitdikləri ilə bu problemi həll eləməyə çalışırlar. Lakin bu mövzuda diqqət etməli olduğunuz bəzi məqamlar var.

Birinci növbədə əmziyin ziyanı olduğunu və ilk başdan istifadə edilməməli olduğunu qeyd edək. Əmziklər tez-tez yerə düşür, bəzən onu təmizləmək yaddan çıxa bilir və beləliklə yerdəki mikroblar əmziyin üzərinə yığılır. Uşağın gigiyenası və sağlamlığı üçün ona nə qədər əmzik verməsəniz, o qədər yaxşı və faydalı olar. Bundan əlavə uşaqlar əmmə refleksini əmziklə qarşıladıqları üçün ana südü yemək vaxtı gəldiyində onu böyük istəklə yemirlər.

Əmziyin tərgitdirilməsi prosesinə ilk olaraq sadəcə gecə yatarkən əmzik verməklə başlamalısınız. Tamamilə tərgitdirmək vaxtı daha da uzadacağı üçün onu gün ərzində yavaş-yavaş unutdurmaq, təkcə gecələr yatanda rahat yuxuya getməsi üçün vermək lazımdır. Bir yaşdan yuxarı uşaqlarda isə əmzik yuxuya gedənə kimi verilməli, yatdıqdan sonra isə yavaşca ağzından çıxarılmalıdır. Beləliklə, uşaq narahatçılıq keçirtmədən yavaş-yavaş əmziyə olan asılılığını itirəcəkdir.

Bu üsulu iki və ya iki yaş yarımına kimi davam etdirə bilərsiniz. Ancaq bu yaşlardan sonra əmziyi birdən-birə yığışdırmaq və vaxtı uzatmadan uşağın əmziklə əlaqəsini kəsmək lazımdır. Artıq dediklərinizi başa düşəcək yaşda olduğu üçün əmziyin itdiyini, kiminsə apardığını və ya onun böyüdüyünü və əmzik yeməyin ona yaraşacaq hərəkət olmadığını deməklə buna nail ola bilərsiniz.

Bəzən əmziyi tərgitdirmək müddəti uzun çəkə və çox çətin ola bilir. Ailələr də uşaqların ağlamaması üçün onu verməyə davam edirlər. Bu isə təəssüf ki, uşağın diş və damaq quruluşunun düzgün inkişaf etməməsinə səbəb olaraq yetkinlik dövründə danışmasında problemlər yaranmasına şərait yaradır. Buna görə də ana və atalar bu proses müddətində səbrli olmalı, ağlamaqlarına dözməli və uşağın ən azı bir həftə ərzində əmziksiz qalmağına icazə verməlidirlər.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar