“ Uşaqlarda antibiotik istifadəsində bilməli olduqlarınız

Uşaqlarda antibiotik istifadəsində bilməli olduqlarınız

Bu soyuq qış günlərində ani hava dəyişiklikləri ən çox uşaqlara təsir edir və onların müqaviməti daha zəif olduğu üçün xəstəliklərə tez yoluxurlar. Bu zaman həkim məsləhəti olmadan, lazımsız yerə istifadə olunan antibiotiklər bədənin onlara qarşı müqavimətli olmasına şərait yaradır və gələcəkdə yaranacaq xəstəliklərin müalicəsini çətinləşdirir.

Antibiotik hansı hallarda istifadə olunmalıdır?

İnfeksion xəstəliklər ümumiyyətlə ya bakteriya ya da viruslar səbəbindən yaranır. Qrip, soyuqdəymə, suçiçəyi, qulaq dibi kimi xəstəliklər virusların səbəb olduğu xəstəliklərdir. Bu cür xəstəliklərdə antibiotik istifadəsi lazımsızdır. Çünki bu zaman immun sistemi viruslarla mübarizə aparır və sizin yalnız müalicəyə dəstək olaraq bol su içmək, istirahət etmək, lazım olarsa, istilik salıcı və ağrıkəsici dərmanlar qəbul etmək kimi üsullardan istifadə etməyiniz kifayətdir. Uşaqlarda 6 ay- 2 yaş arasında ildə təxminən 5-8 dəfə rast gəlinən yuxarı tənəffüs yolu infeksiyası 80-90% virus mənşəlidir və buna görə də antibiotik istifadəsinə ehtiyac yoxdur.
Ancaq bakterial xəstəliklər zamanı antibiotik istifadəsi lazım olur. Orta qulaq infeksiyası, boğazda bakteriyaların səbəb olduğu infeksiyalar, ağciyər iltihabı və idrar yolu infeksiyası kimi hallarda antibiotik istifadə olunmalıdır. Uşaqlarda olan xəstəliyin səbəbinin bakteriyalar olduğu müəyyənləşdikdən sonra mütləq həkim məsləhəti ilə antibiotik qəbuluna başlanılmalıdır.

Antibiotikin lazımsız yerə istifadəsinin zərərləri

Antibiotiklərin nəzarətsiz və çox istifadəsinin yaratdığı bir çox problemlər vardır. Bunlardan ən başlıcası bədənin antibiotikə qarşı müqavimətli olmasıdır. Bunun nəticəsində də bakteriyalar hər hansı bir antibiotikin olmasına baxmayaraq törəməyə davam edirlər və gələcəkdə antibiotik qəbuluna ehtiyac olduğu zaman qəbul olunan antibiotiklər heç bir işə yaramırlar. Antibiotikin lazımsız yerə istifadəsi insan üçün lazımlı olan bakteriyaları öldürüb, digər zərərli bakteriyaların orqanizmdə yerləşməsinə şərait yaradır. Bundan əlavə, böyrək və qaraciyərin funksiyalarının pozulmasına, eşitmə problemlərinə və digər mühüm yan təsirlərə malikdir.

Antibiotik istifadəsində edilən səhvlər

–Antibiotik istilik salmır. Yalnız müvafiq dozada və formada qəbul edildikdə xəstəliyə səbəb olan infeksiyanı aradan qaldırdığı üçün istilik aşağı düşür.

– Qrip və soyuqdəymə kimi virus mənşəli xəstəliklərdə antibiotik istifadəsinə ehtiyac yoxdur.

– Antibiotik ağrı kəsici deyil, burun axıntısını və öskürəyi azaltmır.

– Həkimin məsləhət gördüyü istifadə müddəti bitmədən, uşaq yaxşılaşıb deyə antibiotik qəbulunu dayandırmaq xəstəlik faktorunun yox olmasına mane ola və yenidən təkrarlamasına səbəb ola bilər.

– Antibiotik qəbulunu tez dayandırmaq ona qarşı müqaviməti artırır və daha sonra eyni xəstəliklə qarşılaşıldığı zaman daha güclü bir antibiotik qəbul etmək lazım olur.

Diqqət etməli olduqlarınız

– Həkiminiz antibiotik yazdığı zaman müalicə təlimatlarını diqqətlə yerinə yetirməli və uşağınızın müalicə müddətini izləməlisiniz.

– Uşağınız bir az yaxşılaşan kimi antibiotik qəbulunu dayandırmayıb, həkimin məsləhət gördüyü müddəti tamamlamalısınız. 

– Artıq qalan dərmanı sonra yenidən istifadə etməməlisiniz.

Ümumdünya Səhiyyə Təşkilatı antibiotiklərin təxminən 50%-nin lazımsız yerə istifadə olunduğunu qeyd edir. Bu isə bakteriyalarda antibiotikə qarşı müqavimət yaradır və onun bakteriyalar üzərində təsirini yox edir.
Cəmiyyətin və uşaqların sağlamlığı üçün antibiotik istifadəsində olduqca diqqətli olmalı, lazımsız və həkim nəzarəti olmadan qəbul edilməməlidir. Xüsusilə körpələrdə ən yaxşı antibiotikin ana südü olduğu unudulmamalı və antibiotik istifadəsi yalnız həkim məsləhət görərsə həyata keçirilməlidir.

Beləliklə, mümkün olduğu qədər az antibiotik istifadə etməyə və yalnız həkimin məsləhət gördüyü dozada və müddətdə qəbul etməyə diqqət yetirin.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar