Ana və ataların ən böyük problemlərindən biri olan iştahsızlıq psixoloji olduğu qədər fiziki bir problemdir. İştahsızlığın uşağın yaşına və şəxsi xüsusiyyətlərinə görə dəyişdiyini deyən mütəxəssislər ilk əvvəl bu problemin nədən qaynaqlandığını tapmağın lazım olduğunu qeyd edib. İlk əvvəl həkim ilə məsləhətləşib, qan analizləri vermək lazımdır. Sağlamlığı ilə bağlı heç bir problem çıxmadısa, bu problemi həll etmək daha rahatdır. Aşağıda qeyd etdiyimiz 7 həll üsuluna nəzər yetirərək, övladınızın gün ərzində vaxtı-vaxtında qidalanmasını, damaq zövqünün inkişafı məsələsini həll edə bilərsiniz.
- Qidalanmanın vacibliyini ona izah edin. Övladınıza, qidalanmanın vacibliyini izah etmək üçün müxtəlif hekayələr danışın.
- Qidalanmağı övladınıza sevdirin. Yemək yeməyi əyləncəli hala gətirin. Yemək yeyəndə onunla gülüb, əylənin. Özü yemək yeyəndə ona müdaxilə etməyin. Qoyun istədiyi kimi yesin, hətta dağıtmağına da icazə verin.
- Yeməkləri bəzəyin. Övladınızın boşqabına yemək çəkən zaman yeməkləri həm səliqəli yerləşdirin. Həm də kök, pomidor, xiyar, yumurta və göyərti kimi qida növləri ilə bəzəyin. Beləliklə övladınızın yeməyə iştahı olacaq.
- Yemək yeməsi üçün təziq göstərməyin. Nə qədər çox məcbur etsəniz, bir o qədər də yeməkdən uzaqlaşacaq. Öz istəyinə buraxın, acanda özü yemək yemək istəyəcək.
- Yemək istəmədiyi qidaları sevdirməyə çalışın. İlk əvvəl övladınızın ən çox hansı yeməkləri iştahla yediyinə nəzər salın. Daha sonra isə yemək istəmədiyi qidalardan çox az miqdarda həmin yeməklərə qatın. Ancaq bunu hər zaman etməyin, bəzən sevdiyi yeməyi elə olduğu kimi də hazırlayın. Tədricən əlavə etdiyiniz qidaların miqdarını az-az artırın. Sonra əvvəllər xoşlamadığı qidanı tək bişirin. Bu yemək artıq övladınızın damaq zövqünə zidd bir dad olaraq təsir göstərməyəcək və yeyəcək. Əsas məsələ isə xoşladığı yeməyin içərisinə qatdığınız qidanın həmin yeməklə uyğun olub-olmadığını nəzərə almaqdır.
- Yeməkdən əvvəl maye qəbul etməsinlər. Uşaqlar əsasən yemək saatından əvvəl acdıqları üçün nəsə içmək istəyirlər. İçdikdən sonra mədə dolur və yemək yemək istəmirlər. Buna görə də yeməkdən 1 saat əvvələ qədər və yemək müddətində maye qəbul etməmələrinə diqqət yetirməlisiniz.
- Qarışıq dadlardan yeməklər hazırlamayın. Uşaqlar bir çox qidaların birləşməsindən hazırlanan yeməklərdən imtina edirlər. Bol vitaminli olmasına baxmayaraq uşaqlar xoşlamırlar. Buna görə də uşaqlarınıza hazırladığınız yeməkləri sadə və qatqısız halda bişirməyə çalışın.