Uşaqlar valideynlərində gördükləri hər hərəkəti təkrarlamağa meyillidirlər. Yaxşı uşaq tərbiyə etmək istəyirsinizsə, onun qarşısında bunları mütləq edin.
“İndi bunları uşaqların qarşısında müzakirə etməyək” cümləsini tez-tez eşidirik və ya özümüz də deyirik. Əslində isə uşağınız düşündüyünüz qədər həssas və olanlardan xəbərsiz deyil. Uşaqlarımızın müəyyən dozada böyüklərin dünyasındakı hadisələrlə və davranışlarla qarşılaşması normaldır. Bu uşaqların inkişafı, həm də irəliləyən yaşlarda daha sağlam bir fərd olmaqları üçün vacibdir. Uşaqların qarşısında etməli olduğunuz 5 hərəkət bunlardır:
1. Bir-birinizi qucaqlayıb öpməkdən çəkinməyin.
Bir-birinizə sevgi göstərin, qucaqlayın, öpün və mümkün qədər az dava edin.
Mübahisələrdən sonra mütləq barışın və bunu qucaqlaşaraq, bir-birinizi öpərək edin. Uşaqların qarşısında sevginizi göstərməkdə heç bir problem yoxdur. Bir-birinə sevgi göstərən valideynlərin uşaqları məktəbdə və evdə daha az aqressiv hərəkətlər edir. Övladınızın bu yaşlarda gördüyü valideyn modeli gələcəkdə yaşayacağı münasibətlər üçün də nümunə olacaq.
2. Bir-birinizə kömək edin.
Uşaqlarınıza köməkləşməyin vacibliyini hər zaman deyirsiniz, amma özünüz bunu nə dərəcədə edirsiniz? Uşaqlarınızın bir anlayışı daha yaxşı anlaya bilməsi üçün sizin davranışlarınız ilə örnək olmağınız çox vacibdir. Hər zaman bir cütlük olaraq bir-birinizə köməkçi olun və hər mövzuda bir-birinizi dəstəklədiyinizi göstərin. Tərəflərdən birinin daha çalışqan olduğunu, digər tərəfin isə daha az məsuliyyət götürdüyünü görən uşaqlar bənzər münasibətlər quracaqdır.
3. Bir-birinizə qarşı nəzakətli olun.
Xoşbəxt cütlüklərin uşaqlarının da xoşbəxt olduğu məlum məsələdir. Həyat yoldaşınızdan bir şey istədiyiniz zaman bunu nəzakətli şəkildə edin. Nə qədər böyük davalar olsa da, kobudluq etməməyə çalışın. Həyat yoldaşınız zibili atmadığı üçün ona əsəbləşdiniz? Bunu demək üçün uşaqların yatmağını gözləməyin. Demək istədiklərini mədəni şəkildə deyin, əgər bu kiçik bir davaya səbəb olarsa, barışmadan günü bitirməyin. Həm bir-birinizə qarşı, həm də uşaqlarınıza qarşı sevgi dolu və dəstəkləyici olun.
4. Səliqəli olun
Hər zaman dediyimiz kimi uşaqlar deyilənləri yox, edilənləri ciddi qəbul edirlər. Ona hər gün yatağını səliqəyə salmasını, əllərini yumadan süfrəyə oturmamasını, yeməkdən sonra ağzını silməsini, kirli paltarlarını dəyişdirməsini tapşırırsınız, bəs siz bunları edirsinizmi? Siz hər gün yatmazdan öncə dişlərinizi fırçalamırsınızsa, nə qədər desəniz də, övladınızın bunu etməsini gözləməyin. Evinizdəki təmizlik qaydaları hamı üçün keçərlidir.
5. Uğurlarınızı bölüşün
Uğurlarınızı bir-birinizlə bölüşün və bunun xoşbəxtliyini çoxaldın. Bu, təkcə iş yerində vəzifənizin yüksəlməsi, ya da futbolda qalib gəlmək kimi şeylər olmalı deyil. Ən kiçik uğurlar belə ailənizə müsbət aura gətirəcək. Sizin uğurlarınız uşaqlarınıza da müsbət təsir edəcək və motivasiyalarını yüksəldəc ək.