Abajurlar işığı bütün otaq boyunca dağıtmamaq, gözləri çox işıqla yormamaq üçün istifadə edilən, lampaya keçirilən örtük anlamına gəlir. Abajur sözü Fransızcadır. "Abattre" - Fransızca yüngülləşdirmək, qırmaq, qısmaq kimi mənalarda işlədilir. "Jour" - hissəsi isə gün işığı, aydınlıq anlamına gəlir.
Lampaların abajurla örtülməsinə Avropada 17-ci yüzillikdə başlanmışdır. Hazırda kağızdan, parçadan, şüşədən və ya başqa materiallardan hazırlanan abajurlar mövcuddur. İşığı bir yerə toplamaq, birbaşa gözlərə vurmasının qarşısını almaq üçün adətən üzəri sipərli masa lampası və ya ayaqlı lampalar istifadə edilməkdədir.
İstənilən işıqlılığa görə abajur işıqkeçirməz və ya yarı işıqkeçirici ola bilər. Abajurların forması və materialı isə dəbə bağlı olaraq dəyişmişdir. Abajurlar mühitə sakitləşdirici təsir bağışlayır və estetik görünüş gətirir. Qonaq otağı, iş otağı, yataq otağı, uşaq və gənc otağı kimi məkanlarda istifadə edilməkdədir.
Həmçinin abajurlar bir çoxumuzun evinin bəzi hissələrində, xüsusilə də yataq otağımızda yatağın kənarında olan siyirmələrin üzərində yerləşdirilən, adətən gecələr zəif işıq verməsi məqsədi ilə dizayn edilmiş bəzəkli, az işıq yayan lampa və aksesuar çeşidlərindən biridir.
Xüsusilə klassik üslubu sevənlər üçün əvəzolunmaz bir əşya olan abajurlar interyer dizaynerlərin də diqqətini üzərinə çəkməyi bacarmışdır. Abajurlar adətən yataq otaqlarının əvəzolunmaz aksesuarlarından biridir.
Abajurları çox işıq saçan, yüngül və az işıq saçan olmaqla bir neçə çeşidə bölmək mümkündür. Bir növ gecə lampası olaraq da istifadə edilən abajurlar həm də gecələr qaranlıqda yatmağı sevməyən, ya da qaranlıqda yatmaqdan qorxanlar üçün ideal bir seçimdir. Əgər siz də nə çox işıqda, nə də çox qaranlıqda yata bilməyənlərdənsinizsə və hələ də bir abajur əldə etməmisinizsə, gecikmədən bir abajur əldə edə bilərsiniz. Həmçinin, işığı bütün otağa yaymaması səbəbindən axşamlar otaqdakı digər insanları narahat etmədən kitab oxumaq istəyənlər üçün də abajurlar sevimli əşyaya çevrilə bilər.
Fotoşəkillər üçün Ajur handmade səhifəsinə təşəkkürümüzü bildiririk!