Rahat bir ev xəyal edirsinizsə, məsləhətlərimizi oxuya bilərsiniz. Ev yaşadığımız, güc qazanmaq üçün istirahət etdiyimiz, rahatlıq tapdığımız və qonaq dəvət etdiyimiz bir məkandır. Öz evinizi bəyənirsinizmi? Artıq yenilik etməyin vaxtı gəlibmi? Bahalı bir təmirə və ya bütün mebelləri dəyişdirməyə ehtiyac yoxdur. Əslində hər şey çox asandır.
1. Ətir
Evdə ilk hisslər qoxu ilə başlayır. Qapını açdıqda hələ evə daxil olmamış bir qoxu ilə qarşılaşırsınız. Belə bir düşüncə var ki, əgər evini asanlıqla satmaq istəyirsənsə, yeni bişmiş keks qoxusu satışı asanlaşdıracaq deyirlər. Bəs sənin evin necə ətir saçır?
Bundan əlavə qoxuların da əhvalımıza təsir göstərdiyini bilirdinizmi? Küknar ağacı stressi azaldır, evkalipt dinclik gətirir, ylang-ylang isə romantik olmağınıza səbəb olur. Mandarin, portağal qoxusu isə depressiyanın dərmanıdır. Suya bir az istədiyiniz ətirdə olan aromatik yağ əlavə edin və evə səpin.
2. Rəng
Rəng ev dekorasiyasının əsas hissəsidir. Avropada dincəlmə səviyyələrini yaşıl rəng ilə ifadə edirlər. Dincəlmək və ya aktiv olmaq məkanda hansı rəngin çox olmasından asılıdır. Əgər olduğunuz məkanda özünüzü narahat hiss edirsinizsə, o dəqiqə çevrənizdə olan rənglərə nəzər salın. Ən funksional rəng ağdır. Divarları yenidən rəngləməyə ehtiyac olmadan dekorasiyada bu rənglərdən istifadə edə bilərsiniz. Əslində qara rəng bütün yaşadığımız sahələrdə elə də yaxşı bir rəng deyil. Hətta mebellərdə belə qara rəngin istifadə olunması məsləhət görülmür. Evin rəng paletini pərdə, yataq örtüyü, süfrə və s. ilə də müəyyən qədər dəyişdirə bilərsiniz. Rəngdən əlavə digər vacib şey isə işıqdır. Gözəl bir lampa, çilçıraq otağı rahat bir yerə çevirə bilər.
3. Yaşıllıq
Böyük şəhərlərdəki qaçaqaç insanları yorur. Bəzən insanlar şəhər həyatından qaçıb uzaqlaşmaq istəyir. Bunu etməyə isə ya vaxt, ya da həyat şərtləri imkan vermir. Evinizdə təbii rahatlığı yaratmaq üçün yaşıllıq, çiçəklər, kiçik dekorasiya şəlaləsi, akvarium və s. yerləşdirə bilərsiniz. Əgər canlı balıqlara və bitkilərə qulluq edəcək qədər vaxtınız yoxdursa, süni yaşıllıqlardan da istifadə edə bilərsiniz. Mebelləri isə ekoloji təmiz materiallardan seçmək olar.
4. Aksesuarlar
Kişik aksesuarlar sizin xarakterinizi ön plana çıxara bilər. Hətta istifadə etdiyiniz bəzi şeylər evinizin dekorasiyasına uyğun gəlməsə də, fikir verməyin. Qonşularınız bəyənməsə də, bu evdə yaşayan sizsiniz. Bəzən çox kiçik bir ev də böyük bir evdən daha rahat ola bilər. Bunu yadınızdan çıxarmayın.
5. Təmiz hava
Evdəki bütün zibillərdən qurtulun. İstifadə etmədiyiniz bütün əşyaları atın. Bu mebel olsa belə. Bütün şkafları yenidən nəzərdən keçirin. Kiçik şeyləri səliqəli şəkildə siyirmələrə yerləşdirin. Bəzi istifadə etmədiyiniz əşyaları ehtiyacı olanlara verə bilərsiniz. Evinizi hava alacaq qədər boşaldın.
Əgər yaşadığınız ev kiçikdirsə, kompakt mebelləri seçin. Asqılı rəflərdən istifadə edə bilərsiniz.