“Düzgün qidalanma məsləhətləri

Düzgün qidalanma məsləhətləri

Bu yazımızda düzgün qidalanma ilə bağlı faydalı məsləhətləri sizin üçün bir araya gətirdik. Məsləhətlərimizə əməl edərək siz də qidalanma rejiminizi müsbət istiqamətdə dəyişə bilərsiniz.

Doymuş yağ faizi yüksək qidaları daha az istifadə etməyə çalışın. Doymuş yağ dedikdə kərə yağı və quyruq yağı başa düşülə bilər. Yetərli miqdarda doymamış yağla qidalanmağa diqqət edin. Buna günəbaxan, qarğıdalı, soya, fındıq və zeytun yağı kimi yağlar aiddir. Yarım yağlı süd, yağsız qatıq kimi məhsullardan istifadə etməyə çalışın. Yağlı qırmızı ət yerinə yağsız ət, quru paxlalılar (noxud, mərci, lobya kimi), balıq və toyuğa üstünlük verin. Süd və süd məhsulları da (qatıq, pendir və s.) yeyilməlidir. Ancaq bunların da az yağlı olmasına diqqət edilməlidir. Yeməklərinizi suda, fırında bişirmə və ya közdə bişirmə üsulları ilə bişirsəniz, yeməyə əlavə ediləcək yağı da azaltmış olarsınız.

Yüksək şəkərli qidalardan qaçmaq, çay, kofe kimi içkiləri şəkərsiz qəbul etmək və ya şəkər miqdarını azaltmaq lazımdır.
Qidalardan aldığımız gündəlik duz miqdarı 6 qramı keçməməlidir. Bu miqdara yeməklərdən, çörəkdən, içkilərdən aldığımız duz miqdarı da daxildir. Duz qəbulu ilə yüksək təzyiq arasında böyük bir əlaqə vardır. Buna görə də təzyiqi yüksək olan insanlar ya heç duzdan istifadə etməməli, ya da miqdarını azaltmalıdırlar.

Günə mütləq səhər yeməyi yeyərək başlayın. Gecə boyu qida qəbulu olmadığından səhər oyananda beyninizin enerjiyə ehtiyacı olur. Qəbul edəcəyiniz qidaları isə çalışın öncədən müəyyənləşdirəsiniz. Mümkünsə, yediklərinizi 3 əsas və 3 aralıq olmaqla bölün və tez-tez qidalanın. Bol su için, yediyiniz qidaları yaxşı çeynəyin. Hər dəfə qidalandığınız zaman çalışın ki, mədənizin üçdə bir hissəsini boş buraxasınız. Tam dolu mədə zamanla sağlamlığımızın pozulmasına və erkən yaşlanmaya səbəb ola bilər. Çalışın ki, mədənizi quru qidalarla doldurmayasınız. Quru qidalarla dolu mədənin gərəkli şirəsi hər tərəfə bərabər paylana bilmədiyi üçün həzm də çətinləşir. Düzgün qidalanan insanlar ideal çəkilərini də qorumaqdadırlar.

Zehni əmək üçün lazım gələn enerji qaynaqlarının ən önəmlilərindən biri də meyvələrdir. Beynin oksigen xaricindəki tək enerjisi qlükozadır. Glükoza isə meyvələrdə hazır şəkildədir. Digər qidalarla alınan şəkər isə mədədə qlükozaya çevrilir. Bu səbəblə meyvələri ac qarnına yemək daha məsləhətlidir. Meyvələr yeməkdən 30 dəqiqə öncə və ya 3 saat sonra qəbul olunmalıdır. Mədə dolu olduğu zaman yeyilən meyvələr mədədə qalaraq qida dəyərini itirir.

Bədəndə hər dəqiqə 10 milyon hüceyrə ölür və bir o qədəri də yenilənir. Ortalama 100 gündə (beyin və sinir hüceyrələri xaric) bütün bədən yenilənir. Pis qidalanma isə yenilənmə prosesini yavaşladır. Dəriniz canlılığını, təravətini itirir və ən önəmlisi də xəstəliklərə qarşı dözümsüz olur. Yorğunluq, tez yorulma, baş ağrısı kimi hallar baş verir. Düşüncə və yaddaş qabiliyyəti zəifləyir. Bu səbəblərdən dolayı sağlam qidalanmaya diqqət etməli və yemək üçün yaşamamalı, sadəcə yaşamaq üçün yeməlisiniz.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar