Uzun müddətli münasibətlərdə meydana çıxan bir-birini alçaltma evliliyin sonunu gətirə bilir. Sağlam bir münasibət üçün etməli olduqlarınız məqaləmizdə.
Heç qarşı tərəf nəsə danışarkən gözlərinizi bərəltmisiniz və ya dediklərini əhəmiyyətsiz hesab etdiyinizi ifadə edən bir şey etmisinizmi? Bunun çox vacib olmadığını və ya xarakterinizin bir parçası olduğunu düşünə bilərsiniz, amma bu alçaldıcı hərəkətlər münasibətinizin sonunu gətirə bilər.
Mütəxəssis John Gottmanın gözləri bərəltmək, iynələyici sözlər işlətmək və ləqəb qoymağın bir nömrəli ayrılıq səbəbi olduğunu deyir. John Gottman 40 il ərzində uzun müddət davam edən evliliklər və boşanma səbəblərinin üstündə işləmiş və minlərlə cütlüyü müşahidə etmişdir. Dr. Gottman və araşdırma qrupu apardığı araşdırmalar nəticəsində boşanmalara gətirib çıxaran 4 böyük hərəkəti müəyyənləşdirmişdir: tənqid, alçaltma, davamlı şəkildə özünü müdafiə etmək və müzakirəyə açıq olmamaq. Gottman bu 4 hərəkət arasında alçaltmanın ən pis hərəkət olduğunu bildirir.
Sevdiyiniz insana qarşı alçaldıcı davrandığınız zaman özünü hücum edilmiş və müdafiəsiz hiss edir. Alçaltma qarşı tərəfə qarşı uzun müddətdir hiss edilən neqativ hisslərin səbəb olduğu və üstünlük qurmaq məqsədilə edilən bir hücum formasıdır. Bu, ortaq məxrəcə gəlmək əvəzinə, mübahisələrə səbəb olur. Sizin qəsdən etmədiyiniz bəzi jest və mimikalar da partnyorunuzu alçalda bilər.
Bəs münasibətinizin ziyan görməməsi üçün nə edə bilərsiniz?
Vacib olan nə dediyiniz yox, necə dediyinizdir.
Partnyorunuzla bərabərhüquqlu olduğunuzu bilin. Dediyi sözləri ciddi qəbul edin və ona dəyər verdiyinizi hiss etdirin.
Kin saxlamayın.
Əgər bir şey sizi narahat edirsə, bunu böyütməyin. Bir müddət gözlədikdə sizi narahat edən şeylərin düşündüyünüz kimi olmadığını anlaya bilərsiniz. Müzakirə edərkən həll yolu axtarmağa çalışın.
Bədən dilinizə diqqət edin.
Sizin bilə-bilə etmədiyinizi düşündüyünüz jest və mimikalar partnyorunuzu alçaltdığınızın bir göstəricisi ola bilər. Davamlı olaraq partnyorunuzu və onun düşüncələrini ciddi qəbul etməməyiniz münasibətinizi zədələyə bilər.