Tonal krem seçimində ən vacib məqamlardan biri də dərinizin yaşına uyğun tonal krem seçimi etməkdir. Bildiyiniz kimi insanın yaşı artdıqca üz dərisi də get-gedə yaşlanmağa başlayır. İllər keçdikcə dəri kənardan daha çox nəmləndirilməyə ehtiyac duyur. Buna görə də yaşlı dərilər gənc dərilərdən fərqli olaraq mütləq nəmləndirici formula malik tonal kremlərlə tonlaşdırılmalıdır. Bu cür tonal kremlər dərini nəmləndirməklə yanaşı, yağlılığı səbəbindən yaşlı dərilərdə təravətli və təbii görüntü yaradır. Quruducu tonal kremlər isə üzdəki qırışıqlıqları daha nəzərəçarpan etdiyi üçün dərinin daha da yaşlı görünməsinə səbəb ola bilər. Nəmləndirici xüsusiyyətə malik tonal kremlər üz dərisində bərabər yayılıb, dərinin daha gənc görünməsinə səbəb olacaq.
Xoşbəxtlikdən bir çox kosmetika brendləri artıq uzun müddətdir ki, nəmləndirici, günəşdən qoruyucu və “yaşlanmaya qarşı” nəzərdə tutulmuş tonal kremlər istehsal edir. Dərinizi yaşlanmadan qorumaq üçün zənn etdiyiniz kimi heç də orta yaşlara çatanadək gözləmək lazım deyil. Yaşlanmış dərini sonradan gəncləşdirmək demək olar ki, qeyri-mümkündür. Dərinizin gənc qalmasını istəyirsinizsə, yaxşı olar ki, onun sağlamlığının qayğısına qalmağa gənc yaşlarınızdan başlayasınız. Bunun üçün tonal krem seçiminin də vacib olduğunu unutmayın.
Yay aylarında seçiminizi günəşdən qoruyucu, qış aylarında nəmləndirici tonal kremlərdən yana edə bilərsiniz. Günəşdən qoruyucu tonal kremlərin üz dərinizi günəş yanıqlarından və yaşlanmadan qoruyacağını nəzərə alın.
Nəmləndirici tonal kremlərin seçimi zamanı isə tərkibində C və E vitaminləri olan tonal kremləri seçə bilərsiniz. Bu cür nəmləndirici tonal kremlər dərinin elastikliyini artırır və bu səbəbdən də qırışların yaranmasını nisbətən gecikdirir. Orta yaş və üzərində olan xanımlar isə köpük teksturalı tonal kremlərdən istifadə etməklə qüsursuz görünüş əldə edə bilərlər.
Müəllif: Həcər İsmayılova