Qaşlarınızı gözəlləşdirərək üz cizgilərinizi önə çıxaracaq incəliklər yazımızda.
Qaşlarımız bizim haqqımızda çox şey deyir. Üz cizgilərini ortaya çıxaran, baxışları dərinləşdirən, üzün ən gözəl yerində yerləşmiş qaşlarımıza çox diqqət etməsək də, onların vacibliyinin fərqindəyik. Üstəlik təbiiliyini qoruduğumuz müddətcə onları səliqəyə salmaq da düşündüyünüzdən asandır. Həmçinin incə qaşları qalınlaşdırmağın yolları da mövcuddur. Unutmayın ki, məqsədimiz onları gözəlləşdirib ortaya çıxarmaqdır. Üzümüzə yad, yeni qaş yaratmaq deyil.
Baxımlı və səliqəyə salınmış qaşlara qovuşmaq üçün sizə məsləhət görəcəyimiz addımları izləyin.
Qaşlarınızı professionallara əmanət edin
Qaşları təbiiliyini pozmadan səliqəyə salmaq professionallıq və təcrübə istəyən bir işdir. Ən kiçik bir səhvin belə geri dönüşünün olmayacağını unutmayın və maqqaşı əlinizdən yerə qoyun. Qaşlarınızı formaya salmaq üçün professional insanları seçmək gözəlliyinizlə bağlı aldığınız ən vacib qərarlardan biri olmalıdır. Əgər həddindən çox alınmış qaşlara sahibsinizsə, onları gurlaşdırmaq üçün qidalandırıcı vasitələrdən istifadə edin.
Doğru məhsulları seçin
Qaşınızın xüsusiyyətinə, ya da gündəlik ehtiyacınıza görə uyğun xüsusiyyətlərə sahib olan məhsulları seçməyə çalışın. Əgər istəyirsinizsə, qaş makiyajınız gün boyu davamlı şəkildə qalsın, onda suya davamlı məhsullar istifadə edə bilərsiniz.
Öz tonunuzu müəyyən edin
Qaşlarınızın əllə çəkilmiş kimi görünməsini istəmirsinizsə, təbii qaş rənginizə uyğun tonda məhsullar seçin. Əgər əsmər bənizlisinizsə, qaşlarınızı əsla qara məhsullarla boyamayın. Boz tonlardan istifadə edə bilərsiniz.
İdeal qaş formanızı seçin
Üzünüz üçün ən ideal qaş forması anadan olandan bu günə qədər sahib olduğunuz təbii qaş formanızdır. Onu dəyişdirməyə çalışmayın. Qaşları bir-birinə çox yaxınlaşdırmaq və ya kəskin bucaqlar vermək sizə başqasına yaraşdığı qədər yaraşmaya bilər. Əgər iri gözləriniz və böyük alnınız varsa, qalın qaşlar sizə çox yaraşacaq. Kvadrat üz formanız varsa, oval qaşlar daha çox yaraşa bilər.
Ortadan başlayın
Qaşlarınızı doldurarkən ilk olaraq qaşınızın dolğun hissəsindən başlayın, quyruğa doğru irəliləyin. Burnunuza yaxın hissələri ən sona saxlayın. Qaşınızın başlanğıc hissəsinə daha az piqment vurmaq daha təbii bir görünüş yaradacaqdır.
Darayın
Qaşlarınıza forma verərkən qaş darağı ilə daramağı unutmayın. Beləcə həm qaşınıza tətbiq etdiyiniz məhsulun artığını ala bilər, həm də qaşınızın təbii formasını daha asan görə bilərsiniz. Son olaraq qaş sabitləyici tuşdan istifadə edin.