Sevgiliniz sizi hər halınızla sevən, daim yanınızda olan və etibar edə biləcəyiniz biridirsə, doğru insanı tapmış ola bilərsiniz.
Şərtsiz sevgi verir
Həqiqi sevgidə gözlənti olmaz. Sübut etməli olduğunuz, ya da qalib gələcəyiniz heç bir şey yoxdur. Bəli, münasibətin əvvəlində qarşı tərəfi cəlb etməyə çalışırıq, amma daha sonra onun sevgisini qazanmaq üçün çalışmağa ehtiyac olmamalıdır, təbii ki, doğru insanla birlikdəsinizsə. Unutmayın ki, heç kəsə özünüzü sevdirməyə ehtiyacınız yoxdur, amma sizi qarşılıqsız sevəcək birinə ehtiyacınız var.
Dediklərinizə əhəmiyyət verir
Çox bəsit görünür, ancaq olduqca vacibdir. Çoxumuz qarşımızdakı insanları həqiqətən dinləmirik. Doğru partnyor sizi qınamadan dinləməli və başınıza gələn hadisələri öyrənməyə əhəmiyyət verməlidir. Dinləmək əslində hər zaman o qədər də asan deyil, amma onsuz da həqiqətən sevən insan üçün empatiya qurmaq və yaxşı bir dinləyici olmaq bir vəzifə olmamalıdır. Onun içindən gəlməlidir.
Sizi olduğunuz kimi qəbul edəcək
Hamımızın qüsurları var və bizi biz edən şeylərdən biri də elə qüsurlarımızdır. Hamı qarşısındakı insanı dəyişdirməyi sınayır, amma həqiqi sevgidə belə deyil. Doğru insan partnyorunun xoşuna gəlməyən bir cəhətini gördükdə dəyişdirməyə çalışmaqdansa, olduğu kimi qəbul etməyi bacarır. Sizi xəyalındakı qadına çevirmək üçün yox, məhz siz olduğunuz üçün sevməlidir.
Səhvlərini qəbul edir
Bir çox insan səhvini qəbul etməkdə çətinlik çəkir, xüsusilə də kişilər. Səhvini qəbul edib üzr istəmək bir çox kişi üçün sizi itirməkdən belə daha çətindir. Amma həqiqi sevgidə müdafiələrə, divarlara və eqoya yer yoxdur. Əgər qarşınızda etdiyi səhvi qəbul edib könlünüzü almağa çalışan bir kişi varsa, qiymətini bilin.