“Köhnə sevgilini necə unutmaq olar?

Köhnə sevgilini necə unutmaq olar?

Ayrılığın üstündən xeyli müddət keçməsinə baxmayaraq hələ də köhnə sevgilinizi unuda bilməmisiniz? Bu halda nələr edə biləcəyinizi sizlər üçün yazdıq.

Münasibətiniz bitdiyi halda onu hələ də düşünüb, darıxırsınız? Bəzən onu xatırlamağınız, onunla barışmaq xəyalları qurmağınız, ya da sizə geri dönməsini ümid etməyiniz əslində ayrılıq mərhələsinin bir hissəsidir. Bu mərhələdə bitmiş bir münasibəti canlandırmağa çalışmağın ikiniz üçün də yaxşı olmayacağını deyə bilərik. Bunun əvəzinə nə qədər üzücü olsa da, onu unutmağa çalışmalısınız.

Ünsiyyət qurmayın

Münasibətiniz bitmiş olsa da, hələ də ünsiyyət qurursunuzsa, onu unutmağınız elə də mümkün deyil. Ayrılığın əvvəllərində bəlkə də bir-birinizə əsəbinizi tökmək üçün ünsiyyət qurmağa davam etmiş ola  bilərsiniz, amma bunun uzun müddət davam etməsi ikiniz üçün də yaxşı deyil. Onunla hər söhbət və ya bir neçə mesaj belə yenidən əvvələ qayıtmağınıza səbəb ola bilər. Nə qədər çətin olsa da, onunla ünsiyyəti tamamilə kəsməyiniz unutmaq üçün ata biləcəyiniz ən böyük addımdır. Bu barədə özünüzə güvənmirsinizsə, hər zaman yanınızda olan dostlarınızdan kömək istəyə bilərsiniz.

Çevrənizi dəyişdirin

Uzunmüddətli bir münasibət yaşamısınızsa, onunla ortaq çevrənizin olması və sizi görən hamının onu soruşması təbiidir. Ancaq bu müddət ərzində onu xatırladan hamıdan uzaq durmağınızda fayda var. Bu səbəbdən ortaq dostlarınızla bir müddətlik əlaqəni kəsin və köhnə sevgilinizdən ayrıldığınızı, bu barədə danışmaq istəmədiyinizi deyin. Onunla bağlı danışmaq və ya nə etdiyi ilə bağlı xəbər almaq istəməyiniz təbiidir, ancaq bu istəyinizdən xilas olsanız, onu daha tez unuda bilərsiniz. Bu zaman yeni çevrə qazanmağınız sizə köməkçi ola bilər.

Yeni xatirələr qazanın

Onun üçün darıxırsınızsa, onunla getdiyiniz yerlərə getmək, birlikdə izlədiyiniz filmləri izləmək, onun sevdiyi yeməyi yemək belə sizə acı verə bilər. Ancaq bəzən bir şeyin öhdəsindən gəlməyin tək yolu onun üzərinə getməkdir. Onunla getdiyiniz yerlərə sevdiyiniz bir dostunuzla getməyiniz sizin üçün çətin olsa da, bu, zamanla öz mənasını itirməyə başlayacaq. Hətta bu şəkildə yeni xatirələr yaradaraq köhnələri unuda bilərsiniz. Bu həm də onunla birlikdə etmədiyiniz şeyləri etmək üçün də yaxşı bir fürsətdir.

“Flirt” edin

Nə qədər  şablon səslənsə də, yeni birinin unutdurma taktikası işə yaraya bilər. Əlbəttə yeni münasibətə hələ hazır olmaya bilərsiniz. Ancaq dünyadakı son insanın köhnə sevgiliniz olmadığını xatırlamaqda fayda var. Yeni insanlarla danışmaq, sizinlə maraqlandıqlarını görmək faydalı ola bilər. Beləcə həm ayrılıqla zədələnən ürəyinizi təmir edə bilər, həm də yeni münasibətə hazırlaşa bilərsiniz.

Pis xatirələrə fokuslanın

Köhnə sevgilinizi düşünərkən böyük ehtimalla ağlınıza həmişə birlikdə keçirdiyiniz gözəl günlər və bir-birinizi nə qədər çox sevdiyiniz gəlir. Ancaq bir vaxtlar gözəl davam edən münasibətiniz necəsə sonlandı və bunun da səbəbləri var idi. Onu unuda bilmirsinizsə, son vaxtlar etdiyiniz mübahisələri və ayrılığınızın səbəbini yadınıza salın. Hətta münasibətinizin sonlarındakı mesajları yenidən oxuya bilərsiniz. Bir-birinizi nə qədər incitdiyinizi xatırlamaqda fayda var.

Xəyal qurmayın

Köhnə sevgilinizin sizə geri döndüyünü, bütün səhvlərini anladığını, ya da çox peşman olduğunu düşünməkdən əl çəkin. Heç kəs tam olaraq dəyişməz və ya bütün səhvlərin onda olduğunu qəbul etməz. Onun ayrıldığınız insan olduğunu xatırlayın və olmayacaq xəyallarla özünüzü incitməyə davam etməyin. Həmçinin bütün günahı davamlı olaraq özünüzdə axtarıb “elə etsəydim, indi belə olmazdı” tipli cümlələrlə özünüzü sorğuya çəkməyiniz sizə heç bir şey qazandırmayacaq. Xəyallarınızı keçmişə deyil, gələcəyə yönləndirin.

Tək qalmamağa çalışın

Çox sosial bir insan olmasanız da, bu müddətdə mümkün qədər tək qalmamağa çalışın. Çevrənizdə birlikdə vaxt keçirə biləcəyiniz insanların olması beyninizi məşğul edib, sizi sevgilinizdən uzaqlaşdıra bilər. Yeni insanlarla tanış olun. Dostlarınızla görüşün və ya ailənizə vaxt ayırın. Görüşdüyünüz insanlara köhnə sevgilinizdən danışmaq yerinə, onların həyatlarını, problemlərini dinləməyə çalışın. İlk günlər bu sizə çətin gəlsə də, vaxt keçdikcə probleminizdən uzaqlaşdığınızın fərqinə varacaqsınız. 


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar