Tələbəlik həyatı bitən kimi iş tapmaq sindromu yaşanır və nəticədə iş tapılır. Həyatında ilk dəfə öz gəliri və iş sahəsi olan insan tam həyatından razı olduğu bir vaxtda həyatına girən bir sevgili ilə yeni bir qarışıqlığın içinə düşür. Hələ üstəlik sevgililərin gördüyü işlər və iş saatları bir-birinə oxşar ya da yaxın deyilsə, həm iş, həm də sevgi tam bir kabusa çevrilə bilər. Belə bir vəziyyətdə bəzən seçim etmək belə lazım gələ bilər.
İş, yoxsa sevgi?
İş bir insanın təkbaşına həyatını davam etdirə bilməsinin qarantiyası deməkdir. Qadınlar və kişilərin hər biri bunun fərqində olmalıdırlar. Yəni işdən elə də asan əl çəkilməməlidir. Əgər bir insanı həyatımızın mərkəzinə qoyub işdən və ailədən daha yüksəyə yerləşdirsək, o insanın bizə qarşı etdiyi hər səhv hərəkət və ya çıxardığı hər problem həyatımıza mənfi təsir göstərə bilər. Yəni sevgi üçün işindən əl çəkənlər gələcəkdə pulu olmadığı üçün qarşı tərəfə maddi və mənəvi olaraq kölə olmağa məcbur ola bilərlər. Çünki günümüzdə pulsuz bir stəkan su içmək belə mümkün deyil. Pulu olmayanın hər hansı bir gücü də olmur. Ancaq sadəcə pul da hər şeyə bəs etmir.
Sevgi seçimində həssas, iş seçimində isə məntiqli qərar ala bilmək vacibdir. Ancaq sevgi seçimində təkcə hisslərin bəs etmədiyi kimi, iş seçimində də məntiq kifayət deyil. Aşiq olduğunuz insanın qaşı, gözü qədər nə işlə məşğul olduğu, nələrdən xoşunun gəlməsi və necə bir həyat yaşaması da vacibdir. İş axtaran zaman da yaşamaq istədiyiniz həyata nail olmaqda nə dərəcədə effektiv ola biləcəyi və iş mühitində nə qədər xoşbəxt olacağınız nəzərə alınmalıdır.