Heç cür doğru insanı tapa bilmirsinizsə, həyatınızda bəzi dəyişikliklər etməlisiniz. Təklikdən qurtulmaq üçün edə biləcəkləriniz Leydi.az-da.
Yeni bir ilə girərkən bir çox qərar verdiniz, bəlkə həyatınızı tamamilə dəyişdirməyi ümid edirdiniz, bəlkə də “2016 mənim ilim olacaq!” deyirdiniz. Yeni ilin ilk günləri elə də ümid etdiyiniz kimi keçməmiş ola bilər, xüsusilə də sevgi münasibətləriniz üçün. Uzun müddətdir təksinizsə, yeni ilə girmək hər zaman yeni bir münasibət ümidi gətirir, ancaq qəbul edək ki, işlər hər zaman istədiyimiz kimi getmir. Təklikdən bezmisinizsə və bu sizi üzürsə, öz həyatınız üçün nəsə etməlisiniz. Çünki real həyatda romantik komediyalarda gördüyümüz möcüzələr baş vermir. Mükəmməl insanla bir kitab mağazasında qarşılaşıb ilk görüşdə aşiq ola bilmirik. Ya da köhnə sevgilimiz əllərində güllərlə qapımızı döymür. Yeni bir münasibətə başlamaq üçün bir az çalışmaq lazım gəlir. Amma necə? Sosial media, ailəmizin, ya da dostlarımızın səyləri heç bir işə yaramır. Çünki nə istədiyimizi bilmirik. Bilsək də, qarşımıza çıxan insanın o istəklərə uyğun gəlib gəlmədiyini bilmirik. Bu problemi həll etmək üçün isə əvvəlcə özümüzdə dəyişiklik etməliyik. Bu ili tək keçirməmək üçün edə biləcəklərinizi sıraladıq...
Nə istədiyinizi tapın.
Xoşbəxt bir münasibət, yaraşıqlı, anlayışlı, sevgiylə dolu bir partnyor... Bəli, hamımızın axtardığı budur. Amma məqsədlərinizi müəyyən edin dedikdə dürüst bir şəkildə nə istədiyinizi tapmağı nəzərdə tuturuq. İndi əlinizə bir kağız-qələm alın və yazmağa başlayın. İstəklərinizi, gözləntilərinizi, özünüzə belə etiraf etməkdən çəkindiyiniz xəyallarınızı tək-tək bu kağıza yazın. Ciddi bir münasibətmi istəyirsiniz, yoxsa sadəcə sevgi üçün darıxmısınız? İlk görüşdə yaşanan o böyük eşqi axtarırsınız, yoxsa bir çox insan ilə tanış olub ən məntiqli olanımı sınamaq istəyirsiniz? Nə istədiyinizi tapmaqda çətinlik çəkirsinizsə, yaxınlarınızdan soruşun. Bəzən bizim özümüzdə fərqinə varmadığımız şeyləri ən yaxınlarımız daha rahat görə bilir. Siz tək axtardığınızın sakit bir münasibət olduğunu düşündüyünüz halda ən yaxın dostunuz son münasibətinizin çox sakit olduğunu, ancaq həyəcan hiss etmədiyiniz üçün bitdiyini sizə xatırlada bilər.
Sərhəddinizi müəyyən edin.
Nə istədiyinizi tapdıqdan sonra, nə istəmədiyinizi də kəşf etməlisiniz. Ciddi bir münasibətə hazır olduğunuza qərar verdikdən sonra ilk iş olaraq ruh əkizinizi axtarmağa başlaya, amma tapmaya bilərsiniz. Bir neçə dəfə sınayıb yanılmağı göz özünə almalısınız. Təbii ki, bu sınaqların çoxsaylı və cansıxıcı olmaması üçün sərhəddinizi müəyyən etməyinizdə də fayda var. Nə istədiyinizi bildiyiniz üçün artıq qırmızı xətləri çəkməyiniz də daha asan olacaq. Axtardığınız evliliyə gedəcək bir münasibətdirmi? Onda bağlanma problemi olan insanlardan uzaq durun. Bəzi mövzularda ən başdan qətiyyətli olmağınız iki tərəf üçün də daha yaxşı olar. Ancaq bəzi mövzular ikinci dəfə düşünməyə dəyər. Hansı mövzularda ikinci bir şansı verə biləcəyinizi öncədən müəyyən edin. Görüşə gecikdi, amma üzr istəmədi? Böyük ehtimalla qarşınızda məsuliyyətsiz bir insan var, ancaq ondan həmin dəqiqə əl çəkməkdənsə, ona bir az da vaxt verə bilərsiniz. Son olaraq necə bir insanla sevə-sevə birlikdə olacağınızı müəyyən edin. Sizi nələr xoşbəxt edər? Necə biri sizə yaxşı təsir edər? Bütün bu sualların cavablarını bildikdən sonra heç kəsə boş yerə vaxt itirməyəcəksiniz.
Əl üzməyin.
Qəbul edək ki, ruh əkizimiz bir qapının önündə gözləmir və onu tapanadək bir çox səhv insan tanıyacağıq. Bir çox pis görüş, cansıxıcı söhbət və könül qırıqlığı yaşayacağıq. Davamlı olaraq bezdirici işləri haqqında danışan, nə qədər varlı olduğu ilə öyünən, özünü bəyənmiş, ya da özünə inam problemi yaşayan insanlar görəcəyik. Hətta doğru insanı tapdığımızı düşündüyümüz anlar olacaq. Həqiqətən mükəmməl bir görüşdən sonra növbəti gün axtarılmayacağıq. Günlərlə telefonun yanında gözləyəcəyik, heç kəslə görüşmək istəməyəcəyik. Uzun müddətdir təksinizsə, bunlar onsuz da sizin üçün tanış hadisələrdir. Ancaq bunlar sadəcə doğru insanı tapanadək yaşamalı olduğumuz təcrübələrdir. Doğru insan inamınızı itirdiyiniz üçün özünüzü evə kilidlədiyiniz zaman qapınızı döyməyəcək. Çölə çıxıb ruh əkizinizi tapmalısınız. Nə istədiyinizi və sərhədlərinizi bildikdən sonra tək etməli olduğunuz şey əl üzməməkdir.