Qəbul edilməsi və bağışlanması çətin olan xəyanət ilk baxışdan qarşı tərəfin sədaqətsizliyi kimi görünür. Ancaq məsələyə daha dərindən baxıldıqda başqa səbəblər də ortaya çıxır. Bu səbəblərin əsası tərəflərin bir-birinə qarşı münasibəti və şəxsi xüsusiyyətləridir. Məsələyə bu tərəfdən baxanda günah sadəcə aldadan yox, həm də aldadılandadır. Aldatma tək bir cinsə mənsub deyil, həm kişi, həm də qadın aldada bilər. İctimai qınağa görə qadınlar kişilərə nisbətən daha az aldadır. Kişilər bu mövzuda özlərini daha rahat hiss edirlər və bəzilərinin “Şorgöz” adlandırılmaqdan xoşu gəlir. Xəyanətin əsas səbəbi qadınlarda emosional istək, kişilərdə isə intim arzudur. Özündən əmin və varlı kişilər, gözəl və cazibədar qadınlar aldatmağa daha meyillidirlər.
Aldatma səbəbləri nələrdir
Aldatmanın səbəbləri arasında münasibətin monotonlaşması, bir-birlərini başa düşməmək, əvvəlki həyəcanın olmaması, uzun müddət ayrı qalmaq, hamiləlik və ya hər hansı bir xəstəlik, xanımın cazibədarlığını itirməsi və bir çox səbəbləri saymaq olar. Bu saydıqlarımıza görə aldatmanın tək bir səbəbi var, o da xoşbəxt olmaq istəyidir. Aldatma yol qəzası kimidir və münasibətin hər mərhələsində ola bilər. Kişilərin əsas xəyanət səbəbi intim istəkdir. Qadınlar isə sevgi, nəvaziş, əzizlənmək və diqqət görmək istədikləri zaman aldadırlar. Bəzən xəyanət bağışlanır və zamanla unudulur. Biri ilə sevgili olduğu halda başqa birinə aşiq olmaq və ürəyində ona sevgi hissləri bəsləmək isə bağışlanmazdır.