“Niyə xarici dil öyrənə bilmirəm?

Niyə xarici dil öyrənə bilmirəm?

Uzun zamadır diqqətdə saxladığım belə bir məsələ var... Fikir vermisinizsə, əksər insanlar (bəlkə elə siz özünüz də) sərbəst olduğu halda, verilən xidmətdən yetərincə faydalana bilmir.
Götürək elə dil öyrənmək məsələsini. “Artıq kursa başladım, dil öyrənirəm!” deyib, iki ay sonra min bir bəhanə ilə “fasilə verməliyəm” deyib, işi yarıda qoyan tanışlarınız yəqin ki, az deyil. Hətta belə də olur ki, günahı həmin o tədris mərkəzi, kursda görürük... Əslində isə bir az daha dərin düşünsək, bütün məsələ işi yarıda qoymağımızdır. Bir az tənbəllik, bir az marağın itməsi və s. kimi səbəblər bizi buna vadar edir. Halbuki, bir müddət sonra “kaş ki, özümü məcbur edib davam edərdim” deyib, peşman oluruq.
Proses belə olur: məntiqi cəhətdən düşünürük ki, davamlı öyrəndiyim halda, bu dili mənimsəyəcəm. Amma nədənsə, içimizdən bir səs bizi həvəsdən salır və işi yarıda qoyuruq. Hisslərimiz qərarlarımıza təsir etmiş olur və bu çox təhlükəli haldır. Çünki hisslər işə keçdikdə “eşqin gözü kordur” məsələsi çıxır ortaya. Lazımdır ki, həmin o hissi qərar verəcəyimiz halda biri bizə bu addımı atmağa imkan verməsin. “biri” dediyimiz şəxs də ola bilər, bizim hər hansı bir həyat prinsipimiz də ola bilər, hətta maddiyyat belə ola bilər.

Belə ki:
- Şəxs olarsa: elə bir insan varmı ki, onun inkişafı sizi də öyrənməyə təhrik edir? Və ya elə biri ki, ona söz vermisiniz və indi sözünüzü pozsanız, bu, sizin üçün çox utancverici və qəbulolunmaz olacaq? Ya da elə bir insan ki, hər dəfə sizə zamanını ayırıb, hər həvəsdən düşdüyünüzdə sizi motivasiya edəcək? Elə isə bu şəxsləri daim diqqətdə saxlayın. Onlar (və ya o) sizi öyrənməyə təhrik edəcək səbəblərdir.
- Həyat prinsipləri olarsa: bu halda siz öz zəif və güclü xüsusiyyətlərinizi bilmiş olmalısınız. Həmin xüsusiyyətlərdən yerində və düzgün istifadə etməklə özünüzü təhrik edə biləcəksiniz. Məsələn, deyək ki, bilirsiniz ki, sizin cəmiyyət tərəfindən qəbul olunmaqla bağlı çox ciddi kompleksləriniz var. Bu halda, ətrafınızdakılara dil öyrənməyə başladığınızla bağlı (hətta daha yaxşı olar ki, “6 aya intermadiate level-ində olacam” kimi daha konkret) məlumat ötürə bilərsiniz. Artıq hamının sizə qarşı gözləntiləri yaranmış olacaq və bütün diqqət sizin dil öyrənməyinizə yönələcək. Bu halda, cəmiyyətin gözündə sözünüzün dəyərini itirməmək üçün gecə-gündüz çalışacaqsınız...

- Daha böyük hədəflər olarsa: dil öyrənmək hədəf deyil, əgər bu prosesi gözünüzdə hədəf imiş kimi böyüdəcəksinizsə, bu sizi məğlubiyyətə aparacaq. Dil bir vasitədir. Özünüz üçün aydınlaşdırın ki, dili nəyə görə öyrənirsiniz. Hədəf olaraq buna yönəlin, motivasiyanı dil öyrənməkdən deyil, hədəflərinizdən alın.
- Maddi bağlılıq olarsa: gəlin etiraf edək ki, pul xərclədiyimiz halda, məhsul bizim üçün daha dəyərli olur. Faydası az olsa da, biz maksimum faydalanmağa çalışırıq ki, axı o qədər pul vermişik... Bu halda, əksər insanlarda və sizdə olan bu xüsusiyyətdən məqsədyönlü şəkildə yararlanın. Məhsula, xidmətə (dil kursu, conversation club, özəl dil proqramları və s.) pul xərcləyin. Xərcləyin ki, beyniniz nəyin bahasına olur olsun, “maksimum faydalanmaq” moduna keçsin.

Unutmayaq ki, beynimizdə heç də bütün prosesləri şüurlu şəkildə idarə etmirik. Davranışımızın böyük hissəsini şüuraltımız tənzimləyir. Odur ki, özünüzlə, şüuraltınızla işləməyi və ortaq məxrəcə gəlməyi öyrənin.

Müəllif: Psixoloq Məlahət Hacıyeva


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!