Təklik bəzən keçici bir hissdən irəliyə keçib bir qorxuya çevrilə bilər. Monofobia adlandırılan yalnızlıq qorxusu tək başına və yalnız olma halı deyil, özünü tək və yalnız hiss etmə vəziyyətidir. Yalnızlıq hissi insanda böyük bir boşluq duyğusu ortaya çıxarır. Ətrafında insanlar olsa belə əgər insan başqa insanlarla ünsiyyətdə olmursa psixoloji olaraq özünü tək hiss edə bilər.
Tək qalmaqdan az qala hamı müəyyən qədər qorxur. Ancaq xəstəlik dərəcəsində tək qalma qorxusu şəxsin tək qalmamaq üçün davamlı şəkildə bir axtarışda olmasına və bəzən də istəmədiyi hallara dözməsinə səbəb ola bilir.
Bu qorxu həm kişilərdə həm də qadınlarda tez-tez rast gəlinən hissdir. Kişilərdə təklik qorxusunun altında genetik faktorlar ola bildiyi kimi uşaqlıqda yaşanmış bəzi travmalar da bu hissə səbəb ola bilər. Ata anası boşanmış, ağır xəstəlik keçirmiş, yaxınını itirmiş və ya uzun müddət ailəsindən uzaqda qalmış uşaqlarda tək qalma qorxusu yarana bilir.
Əslində təklik hissinin təməli ayrılıq qorxusuna dayanır. Kiçik bir uşağın tərk edilməkdən qorxması kimi bir hiss də uşaqlıqdan etibarən zehnimizə yerləşir. Təklik və ya insanlardan uzaq qalmışlıq duyğusu depressiyada da görünə bilər. Özünə inamı az olan insanlar digər insanların gözündə özlərini dəyərsiz hiss edə bilərlər. Bu da özü ilə birlikdə şəxsin özünü digər insanlardan uzqlaşdırmasına və xroniki yalnızlığa səbəb ola bilər.
Yalnızlıq qorxusu yaşayanlarda nələr müşahidə edilir?
Təklik qorxusunun təməlində yer alan itirmə qorxusu insanın istəmədiyi şeylər etməsinə səbəb ola bilər. Məsələn sadəcə həyatında bir insan olsun deyə əslində ayrılmalı olduğu insanla münasibətini davam etdirə bilər. Ya da istəmədiyi halda sadəcə ətrafında insanlar olsun deyə tək qalmamaq üçün səhv insanlarla dostluqlar qurub onlara xoş görünməyə çalışa bilər.
Təklik qorxusu yaşayan insanlarda stresə bağlı olaraq müxtəlif xəstəliklər görülə bilər. Bəs təklik qorxusunu öhdəsindən necə gəlmək olar?
Yalnızlıq sizə həm fiziki, həm də ruhi cəhətdən mənfi təsir göstərəcəyi üçün yaxşı vaxt keçirə biləcəyiniz qruplara qoşula bilərsiniz. Beləcə eyni şeydən zövq alan və digər xoş paylaşımlar edəcəyiniz insanlarla münasibətiniz yaranar. Sevilməməkdən və dəyişməkdən qorxmamalısınız. Öz qüsurlarınız haqqında çox düşünmədən sosiallaşmalısınız. Sizinlə eyni vəziyyətdəki digər insanları da unutmamalısınız. Yüksək narahatlıq, qorxu, çökmə, təklik qorxusu kimi əlamətlərin öhdəsindən gələ bilmədikdə ən qısa müddətdə psixoloqa müraciət etməlisiniz.