Heç fərqinə varmısınızmı? Beyninizdə alt yazı kimi bir cümlə demək olar ki, daim axıb gedir. Gizli gündəliyimizdə nələr-nələr var. İş-güc və münasibətlərlə birlikdə deyilməli, amma heç deyilməmiş sözlər də var bu axıb gedən düşüncələrdə. “Əslində bunu deməli idim”, “Keşkə belə desəydim”, “Niyə mənə belə etdi?” Demək istədiklərimizi daim özümüzə saxlayırıq, sonra da qarşımızdakını xoşbəxt etmək istədiyimiz üçün , cəsarətsizlikdən, ya da bunun daha doğru olduğunu düşündüyümüzdən ona tamam başqa şeylər deyirik. Maaşımızın artırılmasını istədiyimizi deməkdənsə, müdirimizə “siz necə istəsəniz” deyirik. “Yox” deməli olduğumuz dostumuza isə “Yaxşı”. Köməyə ehtiyacımız var ikən güclü imiş kimi davranırıq. İndi gələk vaxtında deyə bildiyimiz zaman xoşbəxtliyimizi artıracaq 8 qızıl sözə.
Yox!
Bunu hamımız etmişik. İşimiz başımızdan aşır, amma incitmək istəmədiyimiz biri (dost, ana, iş yoldaşı, sevgili) bizdən bir şey istəyir. İçimizdə o an “Yox” deməyin necə də xeyrimizə olduğunu əslində bilirik. Amma dodağımızın ucundan “Yaxşı” sözü çıxır. Bundan sonrası stress, artan iş yükü, kürək və boyun ağrıları, yuxusuzluq, tükənmə sindromu, digər işlərə lazımi diqqəti göstərə bilmədiyimiz üçün uğur qrafikində enişdir. Onsuz da böyük ehtimalla bunların hamısını daha əvvəl yaşamısınız, gəlin lazım olan vaxtlarda istəmədiyimiz şeylərə “Yox” deyək.
Mən etdim!
Yəqin ki, iş həyatınızda mütləq bu sözlə qarşılaşmısınız. Biri uğurlu bir iş görər, digəri isə bu uğuru öz adına çıxarar. Bu zaman ürəyinizdə əsəbləşərsiniz və bu iş üçün işlədiyiniz onlarla saat gözünüzün önündən bir film kimi gəlib keçər. Amma əmin olun ki, buna siz özünüz yol açmısınız. Necə? Bu cür insanlar üçün sizin “Mən” yox, “Biz” ifadəsini istifadə etməyiniz onun üçün əsl fürsətdir. Əgər alın tərini siz töküb uğura çatmısınızsa, onda istifadə etdiyin “Biz” sözünün anlamı nədir? Ona görə də ortaya gözəl bir iş çıxardığınız zaman bir addım önə çıxıb qürurla “Bunu mən etdim” deyin.
İstədiyim maaş xx-dir!
İş həyatının ən gözəl cəhətlərindən biri də maaş artımıdır. Siz özünüz gördüyünüz işin dəyərini və nə qədər maaşa haqqınız olduğunu bilirsiniz. Əgər bilmirsinizsə, onda araşdırma apara bilərsiniz. İş həyatında sizdən daha az iş görən birinin sizin maaşınızın iki qatını alması qədər motivasiya qırıcı başqa bir şey yoxdur bəlkə də. Müdirinizə açıq bir şəkildə gördüyüm işlər bunlardır, bunun digər yerlərdə dəyəri budur və istədiyim maaş xx-dir deməkdən çəkinməyin.
Təşəkkürlər!
Burada iki növ təşəkkürdən söhbət gedir. Birincisi tərif eşitdiyiniz zaman, digəri isə tənqid edildiyinizdə. İlkini etmək nisbətən daha asandır. O gün çox gözəl olduğunuzu deyən birinə “amma gözlərimin altındakı qaraltılar da…” şəklində bir cavab verməyə heç başlamayın, rahatlıqla təşəkkür edin.
İndi isə gələk çətin olana. Təkcə çox yaxınlarınız və sizə dəyər verənlər sizin xeyrinizə olan tənqidlər edə bilərlər. Tənqidi qəbul etmə dərəcəsi insandan insana dəyişsə də, istər-istəməz içinizdə yaratdığı ilk hiss üzüntü olacaqdır. Bu özünüzlə üzləşmə anıdır. Hal və hərəkətlərinizlə, gördüyünüz işlə bağlı, uşaqlarınızla əlaqəli mənfi müşahidələr sizə bildirilməkdədir. Mənfi bir cavaba başlamadan öncə gəlin ürəkdən və sakit bir “təşəkkür edirəm” deyin. Bunu etmək ilk əvvəl çətin gəlsə də, zamanla sizə müsbət təsir edəcəyinə söz verə bilərik.
Özümü gözəl hiss edirəm!
Etiraf edək ki, həmişə özümüzdən daha gözəl gördüyümüz kimlərsə olacaq. Həmçinin, özümüzü daha az gözəl hiss etdiyimiz, yorğun olduğumuz, həyat enerjimizin nisbətən düşdüyü günlər də ola bilər. Özünüzü təsvir edərkən qurduğunuz cümlələr çox vacibdir. Özünüzü gözəl hiss etdiyiniz zaman bunu dilə gətirin. Hətta bunu tez-tez dilə gətirməyə çalışın. Sizdə yaradacağı dəyişikliyə özünüz də təəccüblənəcəksiniz.
Xoşbəxt deyiləm!
Günümüzün ən böyük səhvlərindən biri də daim xoşbəxt olmaq arzusudur. Həyatın dənizdə gedən bir qayıq kimi bəzən aşağı, bəzənsə yuxarılara üzəcəyi olduqca aydındır halbuki. Xoşbəxt olmadığınız zamanlar bunun təqlidini etmək yerinə, həm özünüzə, həm də ətrafdakılara qarşı dürüst olun. Bunun sizi sakitləşdirdiyini görəcəksiniz. Həmçinin, bu hissiniz xronikiləşmədən yaxınlarınızdan və ya professionallardan kömək ala bilərsiniz.
Köməyə ehtiyacım var!
Ehtiyacınız olduqda kömək istəməməyinizin bir çox səbəbi ola bilər. Səbəbi ilə üzləşib dərindən bir həll yoluna getsəniz, yaxşı olar. Amma eləməsəniz də, gəlin bu inadı qırın. İş həyatınızda, ya da şəxsi həyatınızda çiyinlərinizdəki yük daşıya biləcəyinizdən çox hala gəlmədən öncə kömək istəyin. Alma və vermə tarazlığını alındırmaq çətindir. Daim verici olmağın qarşımızdakını yararsız hiss etdirə biləcəyi də bir gerçəkdir. Həm öz həyatınızı asanlaşdırın, həm də qarşınızdakı sizə verə biləcəyi dəyərli bir şey olduğunu görüb, özünü yaxşı hiss etsin. Alan da, verən də razı qalsın.
Şükürlər olsun!
İstəklərin sonu yoxdur. Həm də istəmək gözəl bir şeydir, həyat enerjinizin yerində, ümidlərinizin təzə olduğunu göstərir. Digər tərəfdən istəklərinizə sərhəd qoya bilmirsiniz və gerçəkləşməyənlər üçün özünüzü hədər edirsinizsə, bu məqamda dayanmaq lazımdır.
Bunun ən gözəl yolu “Şükür siyahısı”dır. Qələmi və kağızı əlinizə alın, həyatınızda şükür edə biləcəyiniz şeyləri siyahıya qeyd edin. “Şükürlər olsun” demək üçün daha çox səbəbiniz olduğunu görəcəksiniz.