Körpələrdə ən çox qarşılaşılan problemlər içərisində dəri quruluğu və qaşınma xüsusi yer alır. Bu quruluq və qaşınmaların yanında dəridə qızarmalar və çatlar da meydana gəlir. Bu problem bir çox rahatsızlıqların nəticəsində ola biləcəyi kimi uşağın uyğun bir mühitdə tutulmaması da buna səbəb ola bilər. Beləliklə, uşağınızın dərisində normal olmayan bir şey gördüyünüz zaman vaxt itirmədən lazım olan tədbirləri görməli və bu xəstəliklərin daha yüksək dərəcəyə çatmağına mane olmalısınız.
Bu yazımızda sizin üçün bu problemə nələrin səbəb olduğunu araşdırıb yazmışıq.
Körpələrin dərilərinin həssas olması onlarda müxtəlif dəri problemlərinə tez-tez rast gəlinməsinə səbəb olur. Belə problemlərdən biri də eqzemadır. Bəzən bu müəyyən maddələrə qarşı yaranan allergiyalardan, bəzən isə körpənin hər şeyə qarşı həssas olması nəticəsində baş verir. Allergik eqzemaları aradan qaldırmaq mümkündür və bunun üçün həkimə müraciət etməyiniz lazımdır. Ancaq 2-3 yaşa qədər davam edən ümumi eqzema halının müalicəsi yoxdur. Lakin onu da qeyd edək ki, bu yaşdan sonra bu eqzema öz-özünə keçib gedir. Hələ ki, bu cür eqzemaların səbəbi bilinmir, lakin həkiminiz bu müddəti asan keçirə bilməsi üçün uşağınıza bəzi dərmanlar yazacaqdır. Bu hal yaşandığı zaman özünüz qətiyyən bir həkim məsləhəti almadan dərman verməyə çalışmayın.
Bəzi quruluq və qaşıntılar isə uşağın mühitinin uyğun şərtlərdə olmamasından qaynaqlanır. Xüsusilə çox isti otaqlarda yatırdılan, nəmsiz, quru iqlimlərdə yaşayan və kondisioner və ya digər qızdırıcı cihazların olduğu mühitlərdə olan uşaqlarda bu cür dəri problemlərinə daha çox rast gəlinir. Uşaqların dərisinin hələ tam formalaşmaması, tər və yağ vəzlərinin dərini uyğun şərtlərdə tutmağa tam olaraq qadir olmadığı üçün quruluq və qaşınma kimi problemlərlə qarşılaşmaq mümkündür.
Uşağa süni, keyfiyyətsiz parçalardan tikilmiş paltarlar geyindirilməsi və ya paltarlarının toz sabun, yaxud keyfiyyətsiz yuyucu vasitələrlə yuyulması da dəri problemlərini yaradan səbəblərdəndir. Süni parçaların körpələrin bir çoxunda allergiyaya səbəb olduğu və həmçinin toz sabunların da paltarların lifləri arasında qalaraq allergiyanın yaranmasına şərait yaratdığı deyilir. Buna görə də uşağınıza keyfiyyətli parçalardan hazırlanan paltarlar almağa və yuyucu vasitələrinin də keyfiyyətli olmasına diqqət yetirin.