Qazlı və şirin içkilər xüsusilə yay günlərində hamının həddindən artıq çox istifadə etdiyi içkilərdir. Dəfələrlə bu içkilərin zərərləri deyilsə də yenə də hamı tərəfindən çox istifadə olunmağa davam edir. Lakin buna baxmayaraq biz bu cür sərinləşdirici içkilərin sağlamlığımız üçün nə qədər zərərli olduğunu bir daha vurğulamaq və onun orqanizmimizə hansı zərərləri olduğunu, hansı xəstəlikləri yaratdığını bilməniz üçün bir məqalə hazırladıq.
Fastfood sektorunun inkişaf etməsi ilə bu cür içkilər daha da çox yayılmağa başlamışdır. Qazlı içkilərin bədənimizə saymaqla bitməyəcək qədər çox zərərləri var. Belə ki, mədə və bağırsaqlarda ciddi fəsadlar törədir. Bağırsaq iltihabı və bağırsaq xərçəngi olma riskini yüksəldir.
Qazlı içkilərin tərkibində rekord həddində fosfat vardır. Bu da belə içkilərdən mütəmadi olaraq istifadə edən normal bir insanın sonrakı illərdə sümük əriməsi problemi yaşamasına səbəb olur.
Bu cür içkilərin tərkibində olan sodium benzoat astma və eyni zamanda eqzema xəstəliyinin yaranmasına şərait yaradır.
Hər hansı bir qazlı içki içdiyimiz andan 20 dəqiqə ərzində bədənimiz normaldan 7 dəfə artıq insülin ifraz edir. Beləliklə, davamlı olaraq bu içkilərdən istifadə gələcəkdə şəkər xəstəliyinin yaranmasına gətirib çıxarır.
Tərkibindəki fosfor turşusu böyrək daşının əmələ gəlməsinə və böyrək çatışmazlığının yaranmasına təkan verir.
Qazlı içkilərin hamısında olan turşular dişlərin çürüməsinə və ağız qoxusuna səbəb olur. Bundan başqa mədənin öz fermentlərini sağlam şəkildə ifraz etməsinə mane olur, qastrit və mədə yarası xəstəliklərinin yaranmasına şərait yaradır.
Bildiyiniz kimi qazlı içkilər ya qutularda, ya da plastik butulkalarda satılır. Bunların tərkibində isə yüksək miqdarda Bisefanol A maddəsi vardır ki, bunun da bir çox zərərləri var. Bunlardan ən əsası estrogen hormonunu artırmasıdır. Bu hormonun artıq olması da kişilərdə böyük problemlər yaradır, qadınlarda isə döş xərçəngi riskini artırır.
Qazlı içkilərin tərkibində bol miqdarda olan və onlara şirin dad verən qarğıdalı siropu həm diabetə səbəb olur, həm də infarkt riskini ciddi mənada yüksəldir.
Bundan əlavə qazlı içkilər beynin dopamin maddəsi ifraz etməsinə və bu da beyninizin narkotik maddə istifadə edən bir insanla eyni reaksiyalar verməsinə səbəb olur. Yəni asılılıq yaradır. Ətrafınızda hər halda bu cür içkilərin aludəçisi olan və içmədən dura bilməyən insanlar görmüsünüz. Buna səbəb həmin dopamin maddəsinin artıq olmasıdır.
Bununla yanaşı, qazlı içkilərin depressiyaya səbəb olduğu və uzun müddət istifadə edildikdə beyin funksiyalarını yavaşlatdığı da deyilir.
Bu qədər ziyanlarını öyrəndikdən sonra ümid edirəm ki, bu cür içkiləri istifadədən uzaqlaşacaq və ya bunlardan daha az istifadə edəcəksiniz.