Ola bilər ki, həyat yoldaşınıza mənalı və evliliyə uyğun romantik bir hədiyyə seçməyə çalışırsınız və ya ən yaxın dostunuz evləndi və ona xoşbəxtlik arzulamak üçün yeni evlilərə uyğun gözəl bir hədiyyə axtarırsınız. Ya da ən sevdiyiniz dostunuz sizi toy sonrası qonaq dəvət etdi. Həm xatirə olaraq saxlayacağı, həm də xoş hisslər ötürə biləcəyiniz mənalı hədiyyə axtarırsınız? Onda bu yazımızı əvvəldən sonadək oxumağınızı məsləhət görürük.
Yeni evlilərə nə hədiyyə alına bilər? Onlara bir ömür boyu xoşbəxtlik arzulamaq üçün hansı hədiyyə ilə qonaq getmək olar? Yazımızda bu suallarınıza cavab tapacaqsınız.
Bu zaman ağla gələn ilk hədiyyələr: divar tablosu, suvenirlər, elektrikli mətbəx alətləri, yemək aksesuarları, farfor yemək dəsti və ya çay dəstidir. 2016-cı ilə artıq çox az qalıb, lakin hələ də hədiyyə seçimləri dəyişməyib. Sizcə də qab-qacaq, suvenir, bəzək əşyaları almağın modası artıq keçməyibmi? Onlar üçün daha unudulmaz hədiyyə etməli olduğumuz barəsində yəqin ki, hamımız həmfikirik. Lakin bir hədiyyənin unudulmaz olması heç də hədiyyənin həcminin və ya xərcinin böyük olması anlamına gəlmir. Hədiyyə seçimində əsas məqsəd alınmış hədiyyənin istifadə ediləcək bir şey olmasıdır. Bu çox kiçik bir nüans da ola bilər. Əsas odur ki, hədiyyə etdiyiniz şəxslər onu daim istifadə edə bilsinlər. Aşağıda sizlər üçün maraqlı bir neçə versiyanı təqdim edirik.
Şahmat taxtası.
Yeni evlilər öz evlərində birlikdə vaxt keçirməyi sevirlər. Onlara boş vaxtlarında istirahət edərək əylənə biləcəkləri şeylər hədiyyə edə bilərsiniz. Misal üçün elə şahmat taxtası. Yaxınlarınız bu hədiyyənizdən məmnun qalacaq və hər dəfə şahmat oynayarkən sizi xatırlayacaq.
Aksesuar üçün asılqan.
Bu hədiyyə daha çox bəylərin öz xanımlarına ala biləcəyi möhtəşəm seçimdir. Hər bir qadın öz bəzək əşyalarını asanlıqla yerləşdirə biləcəyi bir asılqana sahib olmaq istəyər. Güzgünün qabağına qoyula biləcək bir asılqana heç bir xanım yox deməz.
Sukkulent dibçək bitkisi.
Əgər yaxınlarınıza bəsləyib böyüdə biləcəyi bir hədiyyə almaq istəsəniz, onda dibçək bitkisi ala bilərsiniz. Asan qulluq olunan bitki almaq arzusundasınızsa, seçiminizi sukkulent bitkilər arasından etmək olar.
Termos fincanlar.
Hər bir evdə istifadə edilə biləcək termos fincanlar yeni il üçün yaxşı seçimdir. Xüsusilə yeni evli dostlarınız sizi evlərinə dəvət ediblərsə, onlar üçün bu hədiyyəni ala bilərsiniz.