Empatiya qarşımızdakı insanların hisslərini və düşüncələrini başa düşmək və özümüzü onların yerinə qoya bilməkdir. Yəni empatiyaya sahib olan insanlar ünsiyyətdə olduqları insanların hansı ruh halı içində olduqlarını və nəyə necə reaksiya verəcəklərini təxmin edir, hərəkətlərinin və danışıqlarının başqalarına necə təsir edəcəyini nəzərə alaraq davranırlar.
Empatiya qurmaq təkcə qarşı tərəf üçün deyil bizim üçün də faydalıdır. Belə ki, empatiya sayəsində ünsiyyətdə olduğumuz insanların ehtiyaclarını anlamağımız daha asan olur və onların bizdən gözlədiklərini eləyə bilməyimiz bizim də onlardan gözlədiklərimizi etməklərinə şərait yaradır. Belə ki, qarşınızdakı insanın hiss və düşüncələrinə əhəmiyyət vermədən ünsiyyət qurmağınız onun da sizə qarşı eyni cür davranmağına səbəb olacaqdır.
Bununla yanaşı empatiya həm daha səmimi dostluq əlaqələrinin yaradılmasında, həm də kişilər və qadınlar arasındakı münasibətlərin tənzimlənməsində böyük rol oynayır.
Necə empatiya qurmağı öyrənmək istəyənlərin diqqət etməli olduğu məqam qarşılarındakı insanı diqqətlə dinləməkdir. Başa düşməyin və düzgün bir şəkildə reaksiya verməyin yolu sizinlə danışan insanın nə demək istədiyini yaxşı bir şəkildə dəyərləndirməkdən keçir və bunun üçün də diqqətinizi başqa yerə yönəltmədən onu dinləməyiniz lazımdır. Əgər bir insanı bir neçə dəqiqədən artıq diqqətlə dinləyə bilmirsinizsə, bu zaman ilk olaraq özünüzü yaxşı bir dinləyici olmaq mövzusunda inkişaf etdirməlisiniz.
Yaxşı dinləyici olmaqla bərabər verəcəyiniz cavablar da empatik olmağın əsas qaydalarındandır. Ancaq verəcəyiniz cavabların empatik ola bilməsi üçün qarşınızdakı insanı əsl mənada anlamalı və onun niyə belə düşündüyünü təyin etməlisiniz. Bir çox insan təəssüf ki, digər insanların səhv düşündüyünü onlara sübut etməyə çalışır, bu isə empatiya qurmaqdan çox uzaqdır. Bu zaman etməli olduğunuz şey o insanın bu hiss və düşüncələrə sahib olmasına səbəb olan şeyləri qavramaq və daha sonra problemlərinə onun baxış bucağı ilə həll tapmaqdır. Unutmayın ki, sizin baxış bucağınız sadəcə sizə aiddir və uğurlu bir münasibət üçün digər insanların baxış bucağını da nəzərə almalısınız.