Neqativ düşüncələrin sizi ələ keçirməsinə icazə verməyin. Həyata daha pozitiv baxmaq və neqativ düşüncələrdən qurtulmağın 3 yolunu qeyd etdik.
Həyatımız heç də hər zaman istədiyimiz kimi getmir. Çətin vaxtlardan keçirik, yoruluruq, üzləşməkdən qaçırıq və bəzən insanlara həqiqətən demək istədiklərimizi deyə bilmirik. Ürəyimizdə saxlayırıq. Bütün bunlar beynimizdə yaratdığımız qorxu və narahatlıqlarla birləşərək neqativ düşüncələrin bizi idarə etməsinə səbəb olur. Əslində neqativ düşüncələrin bizə bir fayda gətirməyəcəyini də bilirik, amma bəzən birinin bizə bunu xatırlatması lazım gəlir. Bunu etmək əslində heç də çətin deyil. Özünüzü incitməyin, dərdlərinizi ətrafdakılar ilə bölüşün, mübarizə apara bilmirsinizsə, professionallardan dəstək alın. Ancaq heç vaxt özünüzü neqativ düşüncələrə təslim etməyin. İndi sakitləşin və yazımızı oxuyun.
Vaxtımızı alan neqativ düşüncələrdən qurtulmağın yolları:
1. Neqativ düşüncələrinizi müəyyən edin.
Neqativ düşüncələrdən qurtulmaq üçün əvvəla onları müəyyən etmək və qəbul etməkdə fayda var. Nələr sizi narahat edir? Hansı hadisə zamanı daim onun neqativ tərəflərini görürsünüz? Bəzi şeylər əslində bir az sizin baxış bucağınıza görə neqativ görünə bilər. Əvvəla neqativ düşüncələrin çox normal olduğunu unutmayın. Beynimiz gün ərzində milyonlarla düşüncə yaradır və bunların hamısının pozitiv olması mümkün deyil. Daim xoşbəxt və pozitiv olmağa məcbur deyilsiniz. Özünüzə “çox bədbəxtəm, çox çətin şeylər yaşayıram” demək yerinə, “bəli, çətin şeylərlə qarşılaşıram, amma əlimdən gələnin ən yaxşısını edirəm” desəniz, bir az rahatlaşa bilərsiniz. Həmçinin, “Xoşbəxt olmaq üçün bu sözləri deməkdən çəkinməyin!” - başlıqlı yazımız da sizə kömək ola bilər.
2. Neqativ düşüncələrinizin doğruluğunu da test edin.
Sizi yoran və təkrarlanan düşüncələrinizi bir kağıza yazmaqla işə başlaya bilərsiniz. Daha sonra onların nə qədər gerçək olduğunu, nə qədər doğru olduğunu və bunların gerçək həyatda sizə nə qədər təsir edə biləcəyini yazın. Hər neqativ düşüncənin doğru olmadığını, əslində sizə çox da təsir etməyəcəyini görəcəksiniz. Həyata baxışımızın necə olması ilə bağlı anonim bir yazıda belə deyilir: “Bunun 5 il sonra da mənim üçün mənası olacaqmı?” - əgər belə deyilsə, özünüzü üzməkdən əl çəkin.
3. Kənardan baxın.
Bəzən içindən çıxa bilmədiyiniz vəziyyətlərdən uzaqlaşıb, məsələyə kənardan baxmaq ən yaxşısıdır. Neqativ düşüncələrinizin çoxluq təşkil etdiyi və vəziyyətin içindən çıxa bilmədiyiniz zamanlarda özünüzə bu sualları verin. Bu vəziyyətdə bir başqası necə davranardı? Kənardan baxıldıqda bu vəziyyət necə görünür? Bu şəkildə düşünmək həqiqətən mənə fayda verirmi?