“Sosial şəbəkələrin həyatımıza mənfi təsirləri

Sosial şəbəkələrin həyatımıza mənfi təsirləri

Texnologiyanın inkişafı ilə insanların həyata baxışı da dəyişir. Xüsusilə internet istifadəsi, informasiyaya asan yolla çatmaq şansı insanların həyatlarını inkişaf etdirməklə birlikdə bir o qədər də paslandırır. Bütün bu inkişafın və asanlaşdırıcı təsirlərin artması ilə insan münasibətləri ciddi zədələr alır. Xüsusilə günümüzdə bir çoxları tərəfindən istifadə edilən sosial şəbəkələrin sayəsində insanlar sosiallaşdıqlarını düşündükləri halda, əslində asosiallığa addım atırlar və bunun bir çoxları fərqində deyil. Getdikləri yerlərdən, yanlarında olan insanlara, yedikləri yeməklərdən etdikləri işlərə qədər bir çox şeyi insanlarla paylaşmaq instinkti ilə hərəkət etməyə başladılar. Özlərindən asılı olmadan etdikləri paylaşımların “bəyən”ilməsi arzusunu hiss edirlər. Aparılan araşdırmalar da göstərir ki, sosial şəbəkələr əslində insanların psixologiyasına mənfi təsir göstərir. Asılılıq yaradan maddələrin başında gələn siqaret, alkoqol və narkotik maddələrin arasına sosial şəbəkələrdən asılılıq maddəsi də əlavə olunmaqdadır. Aparılan bir digər araşdırma nəticəsində internetdən uzaqlaşdırılan insanların eynilə alkoqol, siqaret və narkotik maddə kimi asılılıq yaradan maddələri tərgitdikdə bədənlərində meydana gələn dəyişiklikləri göstərdikləri də müşahidə olunmuşdur.

Aqressivlik, depressivlik, insanlarla ünsiyyət qura bilməmək və s. Sosiallaşdığımızı düşündüyümüz halda, əslində asosiallaşırıq. Düzbucaqlı ekranın qarşısında, oturduğumuz o stullarımızda rahatlığımızı düşündüyümüz halda, varlığımız bundan artıqlaması ilə mənfi təsirlənir, amma hiss etmirik. İnsanlarla ünsiyyətimiz sadəcə yazıdan ibarət olmağa başlayır. Danışmaq üçün sərf etdiyimiz əmək azalır. İnsanlar üz-üzə danışmağa həsrət qalır. Nə zaman insanlarla qarşı-qarşıya gəlsək, danışa bilməməkdən şikayət edirik. Çünki həyatlarımız təkcə internetdən, sosial şəbəkələrdən ibarət hala gəlməyə başlayır. Əvvəl hal-əhval ilə başlayıb, ardınca bir-iki fərqli mövzulardan bəhs etsək də, mövzular yenə eyni nöqtəyə gəlir. Qarşımızdakı insanın sosial şəbəkələrdə etdiklərindən, getdiyi yerlərdən, yazdığı sözlərdən, paylaşdığı videolaradək bircə-bircə müzakirə edilir. Bu da bəs etmirmiş kimi virtual dedi-qodular da bir-birini izləyir. Bəyəndiyi, xoşlandığı insanı göstərib, yazdıqlarından və etdiklərindən söhbət açırlar. Qısaca söhbətlər adiləşir.

İnsanlar sosiallıqdan uzaqlaşdıqca uzaqlaşır, amma heç kəs hiss etmir. Hamı bir-birini xəbərdar edir, amma çevrilib güzgüyə baxmır. Hər kəs dünyanı virtual aləmdə xilas edir, real həyatdan uzaqlaşır. Acı çəkən insan belə bunu əvvəlcə sosial şəbəkədə paylaşır. Hisslər paslanır.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!