Yay aylarında səsi ilə, dişləməsi ilə insanı rahat buraxmayan və qanla qidalanan ağcaqanadlardan təbii üsullarla qoruna bilərsiniz. Ağcaqanadlar, adətən, nəmli və sərin yerləri sevirlər. Sulu ərazilərdə yaşayırlar.
Ağcaqanadlar həmçinin xəstəlik də daşıyırlar. Onlar yumurtalarının inkişafı üçün qana ehtiyac duyurlar və bu səbəbdən də dişləyirlər. Yay aylarında gecələr yatmağa qoymayan, açıq havada oturmağa imkan verməyən ağcaqanadları uzaqlaşdırmaq üçün bir neçə məsləhət verməyi özümüzə borc bildik.
Limon və mixək
Mixək qoxusu ağcaqanadları narahat edir və sizə yaxınlaşmalarının qarşısını alır. Buna görə də otağınıza mixək qoya bilərsiniz. Mixəkləri kəsdiyiniz limonun üzərinə qoyaraq da ağcaqanadları uzaqlaşdıra bilərsiniz.
Açıq rəngdə geyim
Tünd rənglərə daha çox gələn ağcaqanadlardan qorunmaq üçün açıq rəngli geyimlərə üstünlük verə bilərsiniz. Digər bir üsul da yataq otağınızın bir küncünə tünd rəngdə geyim asaraq ağcaqanadları özümüzdən uzaqlaşdırmaqdır.
Reyhan
Bir digər seçim də yataq otağına bir az reyhan qoymaqdır. Ağ reyhan qoxusu da ağcaqanadlardan qorunmağınıza kömək edə bilər. Yataq otağınıza bir dibçək ağ reyhan qoya bilərsiniz.
Sarımsaq ya da soğan
Qoxusuna dözə bilərəm deyirsinizsə, soğan ya da sarımsağı iki hissəyə bölüb otağınıza qoyaraq ağcaqanadlardan uzaq ola bilərsiniz.
Təbii yağlar
Ağcaqanadlardan qorunmağın bir digər yolu da təbii yağlardan istifadə etməkdir. Lavanda, limon, dəfnə yarpağı, portağal qabığı, çay ağacı, pişikotu və evkalipt ağcaqanadlardan xilas olunmağınıza kömək edə bilər. Bir damcı saf vanildən də istifadə edə bilərsiniz.