Həyatında bir dəfə də olsa, baş ağrısı keçirməyən insan yəqin ki, yoxdur. İnsanın həyat keyfiyyətini aşağı salan tibbi simptomların başında elə baş ağrısı gəlir. Baş ağrısının yüksək təzyiq, beyin şişləri kimi bir çox ciddi səbəbi də ola bilər. Ancaq əsas səbəb 90% halda miqren və stress olur.
Əgər siz də miqren və ya stressə bağlı baş ağrısını tez-tez yaşayırsınızsa, günlük həyatınızda görəcəyiniz bir neçə tədbirlə baş ağrısı yaşama riskinizi azalda və yox edə bilərsiniz.
- Gecə qaranlıq, səssiz bir otaqda aralıqsız yata bilsəniz, növbəti gün baş ağrısı yaşamaq riskiniz azalmış olar. Xüsusilə qaranlıqda və yuxuda ifraz olunan melatonin və böyümə hormonunun həm metabolizmi nizama saldığını, həm də immun sistemini yaxşılaşdırdığını bilirik. Daha az baş ağrısı üçün daha yaxşı yuxu rejimi vacibdir. Ona görə də gecə 11:30-da yatıb, ən tez 6:30-da oyanın. Ortalama olaraq minimum 6, maksimum 8 saat yuxu üçün kifayətdir. Əgər çox yatsanız, baş ağrısı riskiniz yenidən arta bilər.
- Düzgün qidalanma da ən az yuxu qədər vacibdir. Əgər şəkər xəstəliyiniz, insulin müqavimətiniz və ya şəkər düşmələriniz olursa, çox uzun müddət ac qalmaq baş ağrısına səbəb ola bilər. Ona görə də aclıq hiss etdikdə bədəninizə doğru qidalar ilə cavab verin. Qan şəkərini çox sürətli şəkildə artırıb-azaltmayan qidalar qəbul edin. Məsələn turş meyvələr, süd, qatıq, ayran, paxlalılar, yarma, qara çörək yemək olar.
- Çox alkoqol da baş ağrısının səbəblərindən biridir. Alkoqol beyin damarlarımızı genişləndirib, baş ağrısı yaşamağımıza səbəb olur. Əgər mütləq alkoqol qəbul edəcəksinizsə, pivə və şərab kimi alkoqol dəyəri aşağı olan içkilər içə bilərsiniz. Əgər çox tez-tez baş ağrısı ilə üz-üzə qalırsınızsa, alkoqolu tamamilə həyatınızdan çıxarın.
- Çox kofein ehtiva edən içkilərdən (kofe, çay, kofeinli qazlı içkilər və dərmanlar) uzaq durmaqda fayda var. Hər nə qədər az miqdarda kofein damarlarda daralma yaradaraq azacıq baş ağrısına müsbət təsir göstərsə də, gündə 3-4 fincandan çox içilən kofe bədəndə su itkisinə, bu da yuxusuzluq yaradaraq baş ağrısına səbəb olur. Hətta davamlı olaraq kofe içdikdən sonra ani şəkildə kofe qəbulunu kəsmək də çatışmazlıq səbəbindən baş ağrısını şiddətləndirə bilər.
- Aparılan bəzi araşdırmalara əsasən gündə 3,5 qramdan çox duz yeyən insanlar 1,5 qram duz qəbul edənlərlə müqayisədə 25% daha artıq baş ağrısına məruz qalır. Bu səbəbdən də duz qəbulunu azaltmaq baş ağrısını da azaldır. Gizli duzu yüksək qidalardan (turşular, duzlu pendirlər, konservlər, çərəzlər) uzaq durun. Süfrənizdəki duz qabını götürün.