Dırnağınızda yaranmış bəzi dəyişikliklərin əslində sizə sağlamlığınızla bağlı məlumatlar verdiyini bilirdinizmi? Xəstəliklərin dırnaqlarda özünü necə büruzə verməsi ilə bağlı ətraflı məlumatı məqaləmizdən öyrənin.
Dırnaqlar hər barmağın ucunda olan, barmaqların uclarını qoruyan, kiçik cisimləri tutmağa kömək edən, saçla bənzər formada yaranan bir şeydir. Xəstəliklər zamanı ən çox rast gəlinən dırnaq problemlərini sizin üçün yazdıq.
Dırnaqda boşalma
Bu, dırnağın yerindən ayrılmasıdır. Sədəf xəstəliyi, dırnaq göbələyi, qan dövranında problem, qalxanvari vəzinin xəstəliyi, taxma dırnaqdan istifadə və günəşdə çox qalmaq buna səbəb ola bilər. Dırnağını uzadan insanlarda öz-özünə də yarana bilər.
Dırnaq qırılması
Ən çox rast gəlinən səbəbi qan dövranı problemi və dəmir çatışmazlığıdır. Həmçinin dırnağın uzun müddət suda qalması, sabun və digər kimyəvi maddələrlə çox təmasda olması da dırnaq qırılmalarına səbəb ola bilər.
Dırnaqlarda təbəqələrin ayrılması
Bu, dırnaq ucunun paxlava xəmiri kimi təbəqələrə ayrılmasıdır. Bəzi qan xəstəliklərində, AİDS xəstəliyində və pankreas xəstələrində rast gəlinir. Dırnaqların tez-tez isladılıb quruması, dırnaq boyası, həddindən çox manikür etmək və travmalar da buna səbəb ola bilər.
Sarı dırnaq sindromu
Əvvəlcə dırnaqlarda inkişaf dayanır. Bir neçə ay sonra isə dırnaqlar sarımtıl rəng alır. Qalınlıqları bəzən normal, bəzən isə bir az qalın olur. Dırnaq ayrılmaları və təbəqələnmə də baş verə bilər. Barmaq uclarında, üzdə, topuqlarda şişmə meydana çıxır. Həmçinin bu sindroma ağciyər xəstəliklərində də rast gəlinir. İmmun sistemi çatışmazlığı, sinir sistemi xəstəliyi, xərçəng və limfoma zamanı da bu əlamətə rast gəlinir.