“ Qış aylarında sağlam qidalanma

Qış aylarında sağlam qidalanma

Qış aylarında sağlam qidalanma planlarını tətbiq etməyin nə qədər çətin olduğunu hamımız bilirik. Gündüzlərin qısa olması səbəbindən hərəkətlərimiz azalır, artıq çəkilərimizi qalın paltarların altında gizlədə bilməyin verdiyi arxayınlıqla daha artıq və sağlam olmayan qidalar yeməyə başlayırıq. Yazda izə aldığımız bu artıq çəkilərdən azad olmaq üçün bir çox yollara əl atırıq. Halbuki, qış aylarında da qidalanmağınıza diqqət edərək və sağlam qidalanaraq bütün bu problemlərin öhdəsindən asanlıqla gələ bilərsiniz. Bunun üçün verdiyimiz tövsiyələrə əməl etməyə çalışın.

Qışda bədənimizin ən çox ehtiyacı olan maddələrdən biri C vitaminidir. Bu vitamini qəbul etmək üçün bolluca meyvə yeməlisiniz. Bəzi insanlar meyvə yemək əvəzinə suyunu sıxıb içir və ya qabıqlarını soyaraq yeyir. Lakin qabıqları ilə yeyilə bilən meyvələri qabığını soymadan, yaxşıca yuyaraq yeməlisiniz və meyvələrin lətində olan vitaminlərin itməməsi üçün suyunu sıxıb içmək əvəzinə özünü yeməlisiniz.

Suyun təkcə yaz aylarında bol miqdarda içilməsi fikrindən daşının. Yazda olduğu kimi qışda da gündə iki litr su içməyiniz bədəninizin öz istiliyini qoruya bilməsi və tarazlığını təmin edə biməsi üçün olduqca əhəmiyyətlidir. Çay, kofe və spirtli içkilər isə təəssüf ki, suyun faydalı olmasına mane olur. Belə içkilər böyrəklərinizi daha çox işlədərək bol miqdarda su itirməyinizə səbəb olur.

Soyuq havalarda şirin qidalar yediyiniz zaman özünüzü yaxşı hiss etdiyinizi bilirik. Ancaq çirin qidalar əvəzinə makaron, bulqur, qara çörək kimi qidalar yeyərək bədəninizin daha sağlam bir şəkildə karbonhidrat qəbul etməsinə və enerji istehsal etməsinə şərait yaratmış olarsınız.

Balıqda olan bol vitaminlər, sağlıqlı yağlar və minerallar qışda bədənimizin hər ehtiyacını qarşılayır. Buna görə də həftədə ən az bir dəfə balıq yeməli, yanına isə tərəvəz və göyərtilər ilə hazırladığınız salatı əlavə etməlisiniz. Xüsusilə da uşaqlar bu cür qidalanmalıdır.

Təkcə ət yeyərək sağlam qidalanmaq mümkün deyil. Qış fəslinə xas olan tərəvəzlərdən bol miqdarda istifadə etməklə sağlamlığınızı qoruya bilərsiniz. Əgər onları tək yeməyi xoşlamırsınızsa, börək kimi xəmir işlərinizin içinə əlavə edərək də yeyə bilərsiniz.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!