Niyə balqabaq yeməliyik?
Balqabaq sağlamlığımız üçün qış aylarında mətbəximizə daxil etməli olduğumuz meyvələrdəndir.
Tərkibindəki beta karoten güclü bir antioksidan olmasının səəbəbidir. Bol miqdarda A vitamini, bununla yanaşı E,B və C vitaminləri, kalsium, fosfor, natrium və kalium tərkibli olan balqabaq lif baxımından da olduqca zəngindir.
İmmunitet sistemini gücləndirir
Balqabaq vitamin baxımından olduqca zəngindir. İmmunitet sisteminizi gücləndirmək üçün vitamin qəbul etmək mütləqdir. Xüsusilə, balqabağın tərkibindəki A vitamini orqanizmin müqavimətini artıraraq immun sisteminizi gücləndirir.
Virus və bakteriyaların səbəb olduğu xəstəliklərlə mübarizədə sizə kömək olur.
Soyuqdəymə kimi xəstəliklər yaşadığınız müddətdə balqabağın tərkibindəki C vitamini sizin bu tip xəstəliklərdən daha tez azad olmağınıza kömək edir.
Təzyiqi nizamlayır
Balqabağın tərkibindəki kalium, lif və C vitamini ürək sağlamlığınız üçün olduqca faydalıdır. Araşdırmalara əsasən kifayət qədər kalium qəbul etməyin yüksək təzyiqi olan insanlar üzərində müsbət təsirləri var. Eyni zamanda kifayət qədər kalium qəbul etdikdə iflic riskini də azaltmış olursunuz.
Yuxu rejiminə müsbət təsir edir
Araşdırmalar balqabaq tumlarının insanı rahatlaşdıran təsirlərə malik olduğunu göstərir. Bu təsirlər tumda olan triptofan adlanan amin turşuları ilə əlaqəlidir. Triptofan xoşbəxtlik hormonu olaraq bildiyiniz serotonin ifraz edərək rahat yatmağınıza kömək edir.
Sağlam hamiləlik keçirməyə kömək edir
Balqabaq hamiləlik müddətində qadınlar üçün çox faydalıdır. Dəmirlə zəngin olan balqabaq hamiləlik zamanı qəbul edildikdə körpənin inkişafına kömək edir.
Dərisinə qayğı göstərənlərin meyvəsidir
Balqabağın insan dərisi üzərində yeniləyici təsir yaratdığı müşahidə olunur. Dəridəki nəm səviyyəsini tarazlayır və tərkibindəki vitaminlər dərinizi qidalandırır.
Sızanaq və qara nöqtə problemi yaşayırsınızsa, balqabaqdakı A və E vitaminlərinin köməyi ilə onlardan azad ola bilərsiniz.
Dərinizdə yaşlanma ilə əlaqəli yaranan qırışlarla mübarizə etmək üçün təbii bir üsul olaraq da balqabaqdan istifadə edə bilərsiniz.
Bundan başqa, tərkibində olan maddələr sayəsində kanserə səbəb olan hüceyrələrlə mübarizə aparır.
Ürəyin dostudur
Balqabaq və balqabaq şirəsi sinir və ürək-damar sisteminə müsbət təsir edir, qan damarlarını təmizləyir və möhkəmləndirir, nevroz və yuxusuzluqla mübarizə aparır.
Tərkibindəki lif, kalium və C vitamini ilə ürəyinizi qoruya bilərsiniz. Bildiyiniz kimi, tərkibində lif olan qidalar ürəkdə yarana biləcək xəstəliklərin azalmasına kömək edirlər. Balqabaq da lifli tərkibə malik olduğu üçün çox faydalıdır.
Arıqlamağa kömək edir
Yüksək lif mənbəyi olan balqabaq həzm sistemini yaxşılaşdıraraq uzun müddət toxluq hiss etməyinizə kömək edir. Bundan başqa, qəbzlik problemi yaşayanlar üçün də müalicəvi təsirə malikdir. Alman alimləri araşdırmalarında qeyd edirlər ki, balqabaq tumları qəbizliyə yaxşı təsir etməklə yanaşı, iltihablar, sidik tutulması zamanı çox faydalıdır. Bundan əlavə mədə bulantısını aradan qaldırır, mədə qurdlarını tökməyə təsir göstərir. Hissiyyat, sonsuzluq və ya hormonal balanssızlıq problemi olan insanlar üçün də balqabaq tumu faydalıdır. Elmi cəhətdən sübuta yetirilib ki, balqabaq tumu oynaqların iltihabı xəstəliyinin müalicəsində müsbət nəticələrə gətirib çıxarır.
Tərkibinin əsas hissəsi sudan ibarət olan balqabaq az kalorili qida hesab olunur və kökəlməyin qarşısını alır. Bu səbəbdən də pəhriz saxladığınız zaman balqabağı mətbəxinizdən əsirgəməyin.