“Ana südünü artıran qidalar

Ana südünü artıran qidalar

Ana südü körpələrin ilk 6 ay ərzində mütləq qəbul etməli olduqları çox əhəmiyyətli bir qidadır. Südün keyfiyyəti nə qədər yaxşı olarsa, uşağın inkişafı da bir o qədər yaxşı olar. Bundan əlavə ana südü immun sistemini gücləndirdiyi üçün uşağı bir çox infeksiyon xəstəliklərdən də qoruyur. Biz bu yazımızda sizə ana südünü artıran və onun keyfiyyətini yaxşılaşdıran qidalar barədə məlumat vermişik. Həmin qidaların nələr olduğuna nəzər salaq.

1. Su

Ana südünün miqdarını artırmaqda ən təsirli və asan üsul su içməkdir. Ana südünün 87%-i sudan ibarətdir. Buna görə də süd verən analar bu müddətdə normal ehtiyaclarından daha artıq miqdarda su içməlidirlər. Belə ki, normal insanın gündəlik içməli olduğu su miqdarı 2 litr ikən, süd verən analarda bu miqdar gündə 3-3,5 litr olmalıdır. Bunun da 2-2,5 litri su ilə, qalanı isə şəkərsiz kompotlar, bitki çayları və ayran kimi içkilərdən qarşılana bilər.
Qeyd: Xalq arasında bilinənin əksinə şəkər və şirin qidalar südün miqdarını artırmır. Buna görə də kompotları şəkər əlavə etmədən için. Bu həmçinin kökəlməməyiniz üçün də lazımlıdır.

2. Yulaf

Yulaf ana südünü artıran faydalı qidalardan biridir. Son vaxtlar aparılan araşdırmalar nəticəsində anada dəmir azlığının südün az olmasına səbəb olduğu görülmüşdür. Yulaf da dəmir baxımından zəngindir və dəmir azlığına qarşı mübarizədə əhəmiyyətli rola malikdir. Bundan əlavə yulaf rahatladıcı təsiri ilə südün döş kanallarından irəliləməsini təmin edən oksitosin hormonunun ifrazına səbəb olur ki, bu da südün kanallardan irəliləməsini sürətləndirir. Buna görə də hər gün səhər yeməyində bir kasa südlü yulaf sıyığı yemək də südü artırmaqda ən təsirli və asan yollardandır.

3. Kök

Kökün tərkibində döş toxumasının sağlam inkişafını və süd əmələ gəlməsini təmin edən maddə olan fitoestrogen vardır. Bu maddə də südün artırılmasında faydalıdır. Bundan əlavə kök beta karotinlə də zəngindir və süd vermə müddətində artan beta karotin ehtiyacını qarşılayır. Beləliklə, hər gün ən az bir kök yeməklə südünüzü artıra bilərsiniz.

4.Razyana

Razyana tərkibindəki fitoestrogen sayəsində estrogen hormonu funksiyasını görərək südün miqdarını və yağlılığını artırır. Həmçinin razyana uşağın həzm sistemini yaxşılaşdıraraq sancı və qaz probleminin yaranmasının qarşısını alır. Buna görə də adi çay əvəzinə gündə 2-3 stəkan razyana çayı içərək südünüzü artıra bilərsiniz.

5. Yaşıl yarpaqlı tərəvəzlər

İspanaq, qara kələm kimi tünd yaşıl yarpaqlı tərəvəzlər də fitoestrogen ilə zəngin olduqlarından südün miqdarını artırmağa yaxşı təsir edirlər. Həmçinin bu tərəvəzlər tərkibindəki kalsium, dəmir, fol turşusu və vitamin A sayəsində südün keyfiyətinin də yaxşılaşmasını təmin edir. Bu tərəvəzləri salatlarınıza əlavə edərək və ya yeməklərinizdə istifadə edərək südünüzün miqdarını və keyfiyyətini artıra bilərsiniz.

6. Sarımsaq

Sarımsaq körpənin daha çox əmməsini təmin edir. Aparılan araşdırmalar göstərir ki, ana süd vermədən əvvəl sarımsaq yedikdə uşaqlar daha aktiv olur və daha çox əmməyə başlayırlar. Uşağın çox əmməsi də ana südünü artıran əsas amillərdən biridir. Buna görə də sarımsaq yeməklə də südü artırmaq olar. Lakin sarımsaq uşaqlarda sancı və həzm problemi də yarada bilər. Bunun üçün də əvvəlcə az miqdarda yeyib uşağın reaksiyasını müşahidə edin. Əgər heç bir problem yaratmırsa gündə 1-2 diş yeyə bilərsiniz.

7. Qoz, fındıq və badam

Qoz, fındıq və badam kimi çərəzlər faydalı yağlarla zəngin olduğundan süd verən anaların mütləq istifadə etməsi lazımdır. Bu yağların tərkibində olan bəzi amin turşuları süd yaranması üçün lazımlı olan seratoni hormonunun əmələ gəlməsini təmin edərək südün miqdarının artırılmasına və keyfiyyətinin yaxşılaşdırılmasına kömək edir. Lakin bu çərəzlər çox kalorili olduqlarına görə gün ərzində 3-4 bütöv qoz, 10-12 ədəd çiy badam və fındıq yeyilməlidir.

Siz də südünüzü artırmaq üçün dərmanlardan istifadə etmək yerinə bu cür təbii qidalardan istifadə edərək həm uşağınızın yaxşı doymasına, həm də sağlam inkişafına şərait yaratmış olarsınız.   

Ana südünü artırmağın yolları

Qrip olarkən körpəyə süd vermək olarmı?

Ana südünü artıran çay reseptləri

 


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar