Ağız qoxusu həm insanın özünü, həm də ətrafdakı insanları narahat edir. Bu problemi yaşayanlar danışmaqdan çəkinir, ya da danışarkən ağızlarını tuturlar. İnsanın özünə olan inamını itirməsinə səbəb olan ağız qoxusu psixoloji problemlərə də yol aça bilər. Ağız içi infeksiyalar, diş çürükləri, mədə ilə bağlı problemlər, ağız quruluğu və aclıq kimi hallar ağız qoxusuna səbəb olan amillər arasındadır. Bu yazımızda siz ağız qoxusunun səbəblərinin nələr olduğunu və bu problemi aradan qaldırmaq üçün hansı təbii çarələrdən istifadə edə biləcəyinizi öyrənəcəksiniz.
Ağız qoxusu nədən qaynaqlanır?
Tüpürcək vəzilərinin funksiyası tüpürcək ifraz etmək və bunu ağız içinə ötürməkdir. Gün içərisində qida qəbulunun azalması, susuz qalmaq kimi səbəblərdən ağızdakı tüpürcəyin miqdarı azalır. Həmçinin, gecə yuxuda olarkən tüpürcək ifrazı sıfra enir və ağız özünü təmizləmək üçün ehtiyacı olan mayeni tapa bilmir. Bunun nəticəsində də səhər yuxudan oyandığımız zaman ağzımız qoxa bilir.
Ağız qoxusunun səbəbləri nələrdir?
- Diş aralarında, dil üzərində qalan yeməklər bakteriya yaranmasına səbəb olduğundan ağızda qoxu yaranır.
- Diş əti xəstəlikləri və çürüklər müalicə olunmadıqda ağırlaşaraq ağızda qoxu əmələ gəlməsinə səbəb olur.
- Qaraciyər çatışmazlığı, sinuzit və allergik infeksiyalarla bağlı xəstəliklər
- Yaxşı təmizlənməyən protezlər
- Yediyimiz bəzi qidalar da (soğan, sarımsaq, balıq, pendir və s.) nəfəsimizin pis qoxmasına səbəb olur.
- Böyrək çatışmazlığı problemi
- Tütün məhsulları və spirtli içkilərin qəbulu
Ağız qoxusuna qarşı təbii çarələr
Qatığın içərisində olan prebiotiklər neytrallaşdırıcı təsir göstərir və ağızda pis qoxuya səbəb olan bakteriyaları öldürür. Xüsusilə, mədədə turşuların yığılmasından qaynaqlanan ağız qoxusunu hər gün davamlı şəkildə qatıq yeməklə aradan qaldırmaq olar.
Gün ərzində çox miqdarda çay, qəhvə, spirtli içkilərin içilməsi və şəkərli qidaların qəbulu ağızdakı bakteriyaların artmasına səbəb olur ki, bu da ağızda pis qoxunun yaranmasına gətirib çıxarır. Diş həkimləri bu qida və içkilərin qəbulunu azaltmağı və siqaretdən uzaq durmağı tövsiyə edirlər.
Ağız qoxusunu aparmaq üçün etməli olduqlarınız
- Dişləri fırçalamaqla yanaşı, diş ipləri ilə dişlərin aralarında qalan yemək artıqlarını təmizləmək də ağız qoxusunu aparmaqda əhəmiyyət daşıyır.
- Əczaxanalarda satılan nanə iyli ağız qarqaralarından istifadə etmək, yeməklərlə birgə təzə nanə və cəfəri yemək, şirin olmayan saqqız çeynəmək və alma yemək də ağız qoxusunun qarşısını almağa kömək edir.
- Diş xəstəliklərinə və diş qulluğuna laqeyd yanaşmaq da ağız qoxusunun yaranmasına səbəb olur. Diş çürükləri, ağızda olan köhnə körpü və protezlər də ağızda qoxuya səbəb olan amillərdəndir. Bu cür problemləri bir diş həkiminin köməyi ilə həll edərək ağızda yaranan qoxunu aradan qaldıra bilərsiniz.
- Dil bakteriyaların rahatca yerləşib çətin təmizlənə biləcəyi bir toxumadır. Dişlərinizi fırçalayarkən dilin üstünün və xüsusilə də, arxa tərəfinin fırçalanması ağızdakı qoxunun qarşısını almaq cəhətdən olduqca əhəmiyyətlidir.