“Ağız sağlığı

Ağız sağlığı

Stomatoloqlar gündə 2 dəfə olmaqla (nahardan və səhər qida qəbuldan sonra) dişləri diş fırçası və diş pastası ilə təmizləməyi tövsiyə edirlər. Diş fırçasından əlavə diş sapı da dişlərə qulluq zamanı çox təsirli təmizləyici vasitə kimi istifadə oluna bilər.

Diş fırçasının köməyi ilə dişlərin arasında və dişlə damağın arasında olan məsafələri təmizləmək çox çətindir. Məhz bu səbəbdən burada tez-tez karies və diş daşı əmələ gəlir. Bu problemi həll etmək üçün xüsusi diş sapından (apteklərdə satılır) istifadə edin. Diş sapından gündə bir neçə dəfə (xüsusilə axşam axırıncı qida qəbulundan sonra) istifadə etmək olar.

Diş sapı (Floss):
Diş sapı diş aralarının təmizlənməsində sıx istifadə edilən faydalı bir vasitədir. Səhv istifadəsi isə diş ətinə olduqca zərərlidir. Diş sapı diş həkimindən doğru istifadəsini öyrənildikdən sonra tətbiq olunmalıdır.

İlk istifadədə asan istifadə məqsədilə mumlanmış sapların köməyi ilə etmək olar. Ayrıca florlu diş saplarını da istifadə etmək mümkündür. Onu da qeyd etmək lazımdır ki, bəzən elə ilk istifadədə qanama müşahidə edilə bilər. Əgər bu qanama tez-tez baş verərsə, ilk öncə diş həkiminə müraciət etməniz vacibdir.

Diş sapının istifadəsi çox asan bir prosedurdur. Aşağıda qeyd ediləni etsəniz, bu, sizə kifayət qədər yetərli olar:
1. Təqribən 45 sm diş sapını qutusundan çıxardır, qopardır və hər iki əlin orta barmağına dolayırıq, qopartmadan tarımlaşdırırıq.
2. Baş barmaqların köməyilə sapı ehtiyatla, təzyiq etmədən dişlərin arasına salaraq diş əti sərhəddinədək hərəkət etdiririk. Diş ətinə toxunmaqdan çəkinmək lazımdır.
3. Sapı hər bir dişin ətrafına dolamaq şərtilə əyirik və yuxarı-aşağı hərəkət etdirərək zərərli diş ərpini təmizləyirik. Yadda saxlamaq lazımdır ki, hər bir dişi tək-tək və ehtiyatla təmizləmək lazımdır.
4. Göstərici barmaqların köməyilə sapı ehtiyyatla aşağı dişlərin ətrafında hərəkət etdirmək lazımdır. Yenidən sapı çəp əyərək yuxarı dişlərinizi təmizlədiyiniz kimi təmizliyə davam edirik.

Müəllif: Həkim-Stomatoloq Aynur Nəsirova


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!