Həftələrlə pəhriz saxladığınız halda artıq çəkilərinizdən azad ola bilmirsinizsə, diqqətli olun! Bəzi xəstəliklər arıqlamağın qarşısını almaqla yanaşı, tez kökəlməyə də səbəb ola bilir. Bu halda bir mütəxəssis köməyi ilə daha sağlam və sürətli bir şəkildə arıqlaya bilərsiniz.
Arıqlamağı çətinləşdirən xəstəliklər:
1. Qansızlıq
Xüsusilə, qadınlarda tez-tez rast gəlinən qansızlıq problemində orqanizmdə dəmir səviyyəsi aşağı olduğu zaman maddələr mübadiləsinin tələblərini qarşılayacaq qədər enerji toplamaq daha çətin olur. Bunun nəticəsində yorğunluq və əsəb problemləri yarana bilir. Yorğunluq səbəbi ilə fiziki hərəkətlər azalır, enerjini artırmaq üçün də daha çox qida qəbul edilir. Bu vəziyyət isə kökəlməyə şərait yaradır.
2. Hormonal xəstəliklər
Tiroid və insulin hormonunun xaricində leptin hormonu, böyümə hormonu, aldosteron, progesteron, prolaktin, kortizol, ghrelin kimi hormonlar orqanizmin balansını təmin edir. Bu hormonlarla əlaqəli bir narahatlıq yarandığı zaman;
- Anormal iştah artması
- Aclıq-toxluq mexanizmində pozulma
- Menstrual pozuntular
- Qeyri-sağlam qida seçimi
- Yuxu problemləri
- Bədəndə şişlik və ağrılar
kimi problemlər müşahidə olunur. Bunlar pəhriz prosesinə mənfi təsir göstərdiyi kimi, arıqlamağı da çətinləşdirir.
3. Polikistik Over Sindromu
Bir növ yumurtlama pozğunluğu olan polikistik over sindromunun çəki artmasına təsirlərindən biri insulinə qarşı müqavimət ilə meydana gəlir. İnsulinə qarşı müqavimətə əlavə olaraq yumurtalıqlarda istehsal olunan testosteronun artması da kökəlməyə şərait yaradır.
4. Hipotiroidizm
Tiroid, boyunun ön tərəfində olan, maddələr mübadiləsini birbaşa idarə edən fərqli hormonları istehsal edən kiçik bir vəzdir. Hipotiroidizm xəstəliyində tiroid vəzi düzgün işləmir. Nəticədə, kifayətsiz miqdarda tiroid hormonu istehsal olunur və maddələr mübadiləsi yavaşlayır. Maddələr mübadiləsi yavaşlayarsa, arıqlamaq da olduqca çətinləşir.
5. Cushing Sindromu
Cushing sindromu orqanizmdə kortizol hormonunun həddindən artıq istehsal olunması ilə xarakterizə edilən metabolik bir xəstəlikdir. Orqanizmdə həddindən artıq kortizol olması xüsusilə, bədənin orta hissəsində, üzdə, kürəkdə və çiyinlər arasında artıq çəkiyə səbəb ola bilir.
Cushing sindromu arıqlamağı çətinləşdirməklə yanaşı, yaraların gec sağalamsına, yorğunluq, əzələlərdə gücsüzlük və baş ağrısı kimi problemlərə də səbəb ola bilir.
6. İnsulinə qarşı müqavimət
Qan dövranında qlükoza azaldığı zaman, insulin istehsalı dayandırılır. İnsulinə qarşı müqavimətiniz varsa, hüceyrələr insulin hormonunun hərəkətinə müsbət cavab vermir. Nəticədə, bu hüceyrələr qlükozanı doğru şəkildə qəbul etmir və qan dövranındakı qlükoza səviyyələri yüksək olur. Davamlı şəkildə qlükoza səviyyələrinin yüksək olması da insulinin tez-tez istehsal olunmasına səbəb olur. Bu da arıqlamağın qarşısını alan aclıq hissinin artması və kökəlmə ilə nəticələnir.