Qış aylarında və fəsil dəyişkənliyi olan vaxtlarda, xüsusilə immuniteti zəif olan insanlar qrip, soyuqdəymə və boğaz ağrısı kimi problemlərlə qarşılaşırlar. Boğaz ağrısı bəzən çox uzun müddət davam edir. Bunu aradan qaldırmaq üçün dərmanlarla yanaşı təbii üsullardan da istifadə etmək məsləhət görülür. Bu üsulların hansılar olduğunu bilmək və tətbiq etmək üçün yazımızı oxuyun.
1. Duzlu və sodalı qarqara edin
Duz və soda boğazı təmizləyir və mikrobları dəf edir. Bir stəkan ilıq suyun içinə bir çay qaşığı duz və bir çay qaşığı soda töküb qarqara hazırlayın. Bu qarqaranı dişlərinizi fırçaladıqdan sonra edərək həm ağzınızda olan mikrobları azalda, həm də boğazınızı yumşalda bilərsiniz.
2. Bal, limon və zəncəfil qarışığından istifadə edin
Evinizdə olan təbii vasitələrlə hazırlaya biləcəyiniz sadə bir qarışıqla da boğaz ağrısından azad olmaq mümkündür. Balın boğazı yumşaltmaq xüsusiyyətindən, limonun anti bakterial təsirindən və zəncəfilin bəlğəm gətirici funksiyasından faydalana bilərsiniz. Bir neçə qaşıq bal ilə yarım limonun suyuna bir çay qaşığı toz zəncəfil və bir az ilıq su əlavə edib qarışdırın. Əldə etdiyiniz qarışıq boğaz ağrısı üçün çox təsirli bir üsul olacaqdır.
3. Nanəli buxar hamamı edin
Burun tıxanıqlığı gecələr ağzımızı açaraq yatmağımıza, bu da ağız quruluğuna və ağzın içinə havadan çoxlu sayda mikrobun girməsinə səbəb olur. Yatmamışdan əvvəl isti bir vanna qəbul etməyiniz sizi rahatladacaq, həm də burun tıxanıqlığını keçirərək nəfəs yollarınızın açılmasına kömək olacaqdır. Bununla yanaşı, nanəli buxar hamamı da burun tıxanıqlığını aradan qaldırmaqda təsirli bir üsuldur.
4. Bol ilıq su için
Bol su içmək bədənin və beləliklə də tənəffüs yollarının nəmli qalmasına şərait yaradır və bu sayədə də ağız quruluğunun qarşısını alır, boğazdakı qıcıqlanmanı azaldır. Buna görə də gündə ən az 1.5-2 litr su içməyə çalışın. Lakin bu zaman ilıq, yəni otaq temperaturunda olan su içməyə xüsusi diqqət yetirin, çünki soyuq su da boğazın qıcıqlanmasına səbəb olur.
5. Qidalarınızı ilıq şəkildə istifadə edin
Həddindən artıq soyuq və ya isti içkilər də boğazdakı qıcıqlanmanı artırır. Buna görə də yeməklərinizi və içkilərinizi ilıq şəkildə istifadə etməyə diqqət edin.
6. Qızdırıcıların üzərinə bir qabda su qoyun
Soyuq qış aylarında evlərin qızdırılması nəticəsində otaqdakı nəm azalır və qəbul edilən quru hava boğazda qıcıqlanmaya səbəb olur. Bunun qarşısını almaq üçün qızdırıcıların üzərinə su dolu bir qab və ya yaş dəsmal qoya bilərsiniz.
7. Yüksək səslə danışmayın
Yüksək səslə danışmaq və xüsusilə də qışqırmaq boğazda qıcıqlanmaya və səs tellərində zədələnməyə səbəb olmaqla səsin tutulmasına şərait yaradır. Bunun üçün də əsasən soyuq havalarda buna xüsusi diqqət yetirməlisiniz.
8. Həddindən artıq yeməkdən imtina edin
Boğaz ağrısının gözdən yayınan səbəblərindən biri də reflü, yəni mədə suyunun ağza gələrək keçdiyi yollarda turşuluğa bağlı qıcıqlanmaya səbəb olmasıdır. Bunun qarşısını almaq üçün yatmazdan ən az 3 saat əvvəl heç nə yeyib içməməli, xüsusilə axşam yeməklərində həddindən artıq yeməyə son verməli və mədə turşuluğunu artıran çay, qəhvə və qazlı içkilərdən uzaq durmalısınız. Bundan əlavə yastığınızı uca eləməyiniz də faydalı olacaqdır.
9. Həkim məsləhəti almadan dərman istifadə etməyin
Hamının evində köhnədən qalma bəzi dərmanlar olur. Bəzən həkim məsləhəti almadan, özümüz bu dərmanlardan istifadə edirik. Ancaq bəzən sadə görünən bitki tərkibli bir sorma dərmanının belə içində şəkər olduğu üçün diabet xəstələrinə ziyan ola biləcəyini unutmayın. Xüsusilə də antibiotik dərmanları istifadə edərkən mütləq həkim məsləhəti alınmalı, dozası və miqdarı həkim tərəfindən müəyyən olunmalıdır. Bundan əlavə dərmanları istifadə etməzdən əvvəl mütləq son isitifadə tarixinə nəzər yetirin.
10. Bir həftədən artıq davam edərsə, mütləq həkimə gedin
Hərarət, halsızlıq, bədən ağrısı, şiddətli öskürək, bəlğəm probleminiz vardırsa və boğaz ağrınız bir həftədən artıq davam edirsə, bu zaman mütləq həkimə müraciət etməlisiniz.
Bu dediyimiz üsulları tətbiq etməklə boğazınızın ağrısını tez bir zamanda keçirə bilərsiniz.
Android istifadəçiləri buradan saytımızın mobil tətbiqini endirə bilər:
https://play.google.com/store/apps/details?id=com.elitsolutions.leydi&utm_source=leydi.az