Sağlamlığınız üçün keyfiyyətli yuxu çox vacibdir. Amma, həddindən çox yatmağın zərərləri var. Nizamlı yuxu sizin gün ərzində daha aktiv və enerjili olmağınızı təmin edir.
Bəzi quruluşlar yaş aralıqlarına əsasən yatmalı olduğunuz yuxu miqdarını təklif edən qrafiklər hazırlayıblar. Yatmalı olduğunuz saat miqdarını hesablamadan əvvəl daha çox yatmaq istəyinizin altındakı səbəbi bilməlisiniz. Həddindən çox yuxu istəyi bir çox sağlamlıq problemlərinə işarə ola bilər.
Bu xəstəliklər arasında, xroniki yorğunluq, tiroid problemləri, ürək xəstəlikləri, xoruldama, depressiya və ya istifadə etdiyiniz hər hansı bir dərmanın əks təsirləri ola bilər.
Həddindən çox yatmağın səbəb ola biləcəyi problemləri sizin üçün araşdırdıq...
Beyninizə zərər verir
Həddindən çox yuxu beyninizin daha tez yaşlanmasına səbəb olaraq beyin gücünüzə də mənfi təsir göstərir. Zamanla beyin quruluşunuzu dəyişdirir, qavrama bacarığınızı kütləşdirib, dərk etmə qabiliyyətinizi azaldır.
Şəkər xəstəliyi riskini artırır
Həddindən çox yatmaq orqanizminizin qlükoza balansını pozaraq və şəkər xəstəliyinə səbəb ola bilər. Bundan başqa, çox yatmaq, fiziki olaraq da hərəkətsiz qalmaq deməkdir.
Ürək xəstəliklərinə səbəb ola bilər
Araşdırmalar çox yatmağın ürək və damar xəstəliklərini tezləşdirdiyini göstərir.
Artıq çəki problemi
Həddindən artıq yatmaq, hərəkətsiz qalmağınıza səbəb olur. Fiziki olaraq daha az hərəkət etmək isə, daha az kalori itirməyiniz mənasına gəlir. Bu da kökəlməyinizə şərait yaradır.
2010-cu ildə aparılan bir araşdırmanın nəticəsində gün ərzində 8 saatdan çox yatmağın artıq çəki, şəkər xəstəliyi, təzyiq problemləri, ürək və damar xəstəliklərinə şərait yaratdığı müşahidə edilib.
Depressiyaya səbəb olur
Yuxu, beyindəki sinirlərə təsir edir. Bundan başqa, həddindən çox yuxu fiziki aktivliyin azalmasına səbəb olur. Fiziki aktivlik sizi stressə səbəb ola biləcək fikirlərdən uzaqlaşdırıb, özünə inam hissinizi inkişaf etdirməyinizə kömək edir.
Baş ağrısına səbəb olur
Serotonin kimi hormonların orqanizmdəki səviyyələrindəki dəyişikliklər baş ağrısına səbəb ola bilir. Bundan başqa, səhər normal vaxtdan daha gec oyandıqda səhər yeməyini gec yemiş olursunuz. Bu halda yaşadığınız baş ağrısının səbəbi kofeinsizlik, qan şəkərinin aşağı olması və ya susuzluq ola bilər.
Kürək ağrısına səbəb olur
Əgər ofisdə gün ərzində oturur və sonra evə gedib yatırsınızsa, çox güman ki, kürək ağrısı ilə qarşılaşacaqsınız. Uzun müddət oturmaq və ya yatmaq aktivlik səviyyənizi aşağı salacaq, nəticədə əzələləriniz və sümükləriniz zəifləyəcəkdir. Bu da sizdə ağrı hissinə səbəb ola bilər. Əgər artıq kürək ağrılarınız varsa, çox yatmaq ağrılarınızı daha da artıra bilər.