E vitamini bədənimizin ehtiyacı olan ən vacib vitaminlərdən biridir və əskik olması bir çox problemlərin yaranmasına səbəb olur. Bu vitamin həm xroniki narahatlıqlar, həm də xərçəng xəstəliyinin inkişaf etməsinin qarşısını almaqda olduqca faydalıdır. Həkimlər uşaqlarda doğru böyümək və cinsi inkişaf üçün E vitamini qəbulunun zəruriliyini qeyd edirlər. Həmçinin uşaqlarla yanaşı yeniyetmələrin də bu vitamini qəbul etməyi olduqca vacibdir. Xüsusilə qadınlar bu vitaminin qəbuluna diqqət yetirməlidirlər. Çünki, E vitamini dərinin yaxşılaşmasına təsir edir və cinsiyyət orqanlarının fəaliyyətini nizamlayır. Kişilərdə isə ürək və damar xəstəliklərindən, prostat vəzi xərçəngindən qorunmada faydalı təsirə malikdir.
E vitamininin çatışmazlığı isə immun sisteminin zəifləməsi, bədəndə tarazlığın itməsi, gözlərdə problemlərin yaranması və başqa narahatçılıqlara səbəb olur.
E vitamini bir çox qidada olduğu üçün onu qəbul etməkdə bir o qədər də çətinlik çəkmirik. E vitamini ilə zəngin olan qidalara misal olaraq buğda, kartof, pomidor, qoz, fındıq, badam, yumurta, balıq yağı, ispanaq, kələm, qabaq və sairəni göstərmək olar. Bunlardan hər hansı birindən gün ərzində müəyyən qədər istifadə etməyiniz E vitamini qəbulu üçün kifayətdir. Əgər bu qidalardan yemək istəmirsinizsə, E vitamini kapsullarından istifadə edə bilərsiniz.