Kimyəvi maddələr istifadə etmədən, təbii vasitələrlə evdə hazırlayacağınız qarqara ilə ağız və diş sağlamlığınızı qoruya və gözəl gülüşlərə sahib ola bilərsiniz. Leydi.az komandası olaraq təbii qarqaranın hazırlanma üsulunu sizin üçün tapıb yazmışıq. Sizə isə bu resepti öyrənib tətbiq etmək qalır.
Lazım olanlar:
-1 çay qaşığı mixək
-1 çay qaşığı darçın
-1 stəkan su
-4 damcı nanə yağı
Hazırlanması:
Suyu balaca bir qazana tökün. Üzərinə darçın və mixəyi əlavə edib qaynadın. Sonra ocaqdan götürüb 10 dəqiqə ağzı bağlı halda dəmlənməsini gözləyin. Qarışığı bir tənzif ilə süzün və balaca şüşə butulkaya tökün. İçərisinə 4 damcı nanə yağını da töküb soyuducuda saxlayın. Qarqaranız hazırdır. Hər gün müntəzəm olaraq bu qarqaradan istifadə etməklə ağız və diş sağlamlığınızı qoruya bilərsiniz. Bu qarqaranı 5-7 gün ərzində soyuducuda saxlamaq olar.
Qarqara ağız sağlamlığı üçün tək başına kifayətdirmi?
Dişlərin aralarındakı artıqları təmizləmək üçün qarqara etmək olduqca təsirli bir üsuldur. Lakin bu heç vaxt dişləri fırçalamağın və diş sapının yerini tuta bilməz. Bu üsulu ağız gigiyenasını təmin etmək üçün sadəcə əlavə bir kömək kimi istifadə etmək olar. Həmçinin bu zaman yalnız xüsusi olaraq hazırlanan qarqaralardan istifadə etmək şərt deyil, adi su ilə də ağzınızı qarqara edərək diş aralarındakı artıqları təmizləyə bilərsiniz.