Antibakteriyal təmizlik vasitələri ilə mikrobları öldürmək istəyərkən əslində super mikroblarımı yaradırıq? Son dövrlərdə hər şeyin antibakteriyalı var və olduqca da tələb görür. Körpəlikdən bəri uşaqlarımız bu vasitələrlə tanış olur. Əlləri, ağızları və bütün dəriləri bu cür vasitələrlə çox tez-tez təmas edir. Digər tərəfdən də dövr bədənimiz üçün yararlı olan bakteriyalara hörmət etmək dövrüdür. İnsan bədənində sağlamlığa yararlı olan 100 trilyona qədər mikrob və təbii bakteriya var. Bu bakteriyalar sağlamlığımız və immunitetimiz üçün çox böyük əhəmiyyətə malikdir. Antibiotiklər, yanlış qidalanma, çevrə kirliliyi və antibakteriyal vasitələrin bu bakteriyaları yox etməsi elmi olaraq sübut olunmuşdur. Belə olduğu halda zehnimizdə bir çox sual yaranır.
Ana südündə belə antibakteriyal maddələr var.
Bir çox antibakteriyal sabun və bənzər məhsulların tərkibində triklosan və ya triklokarban adlı kimyəvi maddələr var. Triklosan sadəcə sabunda deyil, diş məcunu və dezodorantlarda da mövcuddur. Elmi araşdırmalar bu maddəni 0.1-0.3%-ə qədər özündə ehtiva edən məhsulların istifadəsi nəticəsində triklosanın dəri, ağız və həzm sistemindən bədənə girdiyini göstərir. Hər nə qədər bədəndən 24 saat içərisində atılmalı olsa da, yeni araşdırmalar onun ana südündə, qanda və nəcisdə olduğunu göstərir. Bu məqamda gərəyindən artıq antibakteriyal məhsul istifadə etməyin xoş olmayan nəticələrini nəzərə almaq lazımdır.
Mikrobdan təmizləmə düşüncəsi yanlışdır!
Nədir bu xoş olmayan nəticələr? Birincisi bədəni bakteriya öldürən kimyəvi maddələrə məruz buraxırsınız. İnsanların bədənlərini və istifadə etdikləri əşyaları tamamilə mikrobdan təmizləmə düşüncəsi əslində yanıldıcıdır. Bu bakteriyaların çoxu bizim immunitetimizi gücləndirir, bağırsaq sistemini yaxşı işləməsi üçün inkişaf etdirir. Toxunduğumuz hər şeyi antibakteriyal sabunla və ya vasitələrlə təmizləmək immun sistemimizi zəiflətdiyi üçün ilk qripdə xəstəlik bizi alt-üst edir.
Super mikroblar yaradırıq.
Antibakteriyal məhsulların çox istifadə olunmasında ikinci yan təsir də super mikrobların daha asan ortaya çıxmasıdır. Bu kimyəvi maddələr çevrəni antibakteriyal maddələr ilə çirkləndirir. Çevrəyə qarışan antibakteriyal maddələr mühitdəki mikrobların zamanla super mikroblara çevrilməsinə səbəb olur. Bu super mikroblar antibiotiklərə qarşı dözümlü və xəstəlik yarada bilmə gücü çox yüksək olan bakteriyalardır. Zəif və bakteriyalara qarşı dözüm qazanmamış immun sistemi bu super mikroblarla qarşılaşdığı zaman xəstəlik olduqca təhlükəli olur.
İçdiyimiz su ilə bizə geri qayıdır.
Üçüncü bir məqam da hər keçən gün daha çox antibakteriyal maddələrə məruz qalmağımızdır. İstifadə etdiyimiz antibakteriyal məhsullardakı kimyəvi maddələr çevrəyə, suya qarışır və o su ilə birlikdə bizə geri qayıda bilir.
Astma və allergiya xəstəliklərinin artmasının səbəbidir!
Antibakteriyal vasitələri uşaqlarda daha diqqətli istifadə etməliyik. Yeni araşdırmalar uşaqların immun sisteminin inkişaf etməsi üçün ilk ilin çox vacib olduğunu və irəliləyən yaşlarda infeksiyalara qarşı dözümlü olması üçün bakteriyaların gərəkli olduğunu bildirir.
Necə ki, uşağın əzələlərinin inkişaf etməsi üçün qaçıb oynaması, idmanla məşğul olması lazımdırsa, sağlam və güclü bir immun sistemi üçün immunitetin çevrədə olan bakteriyalarla tərbiyələnməsi və güclənməsi lazım gəlir. Gigiyena hipotezasına görə körpələr və uşaqlar kiçik yaşlarında immuniteti gücləndirən mikroblarla tanış olub güclənməsə, gələcəkdə uşaq daha tez xəstə ola bilir və astma, allergik və oto-immun xəstəliklərə daha meyilli hala gəlir.
Allergiya və astmaya sahib olan insanların sayının getdikcə artmasında immun sistemimizi gücləndirən yaxşı bakteriyaların gərəyindən artıq antibakteriyal məhsul istifadəsi ilə yox edilməsinin sıx əlaqəsi var. Bu səbəbdən də anaların antibakteriyal məhsulları gərəyindən artıq istifadə etməmələri, sadəcə təmiz su və sabuna üstünlük vermələri məsləhət görülür.
Həqiqətən nə zaman gərəklidir?
Antibakteriyal məhsulların gərəkli olduğu hallar da var. Evdə çox ciddi xəstə və ya zəif immun sisteminə sahib insanların olduğu hallarda istifadə edilməsi faydalı ola bilər.